Sabiq nazir 2018-ci ilin büdcəsinin neftdən asılılığına ETİRAZ ETDİ

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 15:26

fikret_yusifov_080515

Real sektorda inqilabi dönüş etməyə start verdikdən iki il sonra, növbəti ilin büdcəsinin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildik.

Gununsesi.info-nun məlumatına görə, bu açıqlama ilə sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov çıxış edib.

Onun fikrincə, ən azı ona görə ki, yaxın gələcəkdə neftin qiymətinin özünü necə aparacağına heç kim təminatçı ola bilməz: “Necə ki, 2014-cü ildə onun birdən-birə 4 dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. Növbəti ildə neftin qiyməti özünü necə aparacaq? Bura dünyanın siyasi müstəvisində baş verən prosesləri və alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun”.

“Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var” sualını qoyan F.Yusifov hesab edir ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür:

“Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Daha doğrusu, bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbindən bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir – biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır, ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır”.

Mürtəza

Gununsesi.info