Şahdağ Turizm Mərkəzinə üz tutan turistlərə güzəştlər olacaq

  • By admin
  • 11 Avqust 2016 12:53

sah

Avqustun 20-də Şahdağ Turizm Mərkəzində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil olunacaq.

Şahdağ Turizm Mərkəzindən Gununsesi.info-ya bildirilib ki, həmin gün mərkəzə gələn turistlər simvolik məbləğ ödəyərək çoxsaylı xidmətlərdən yararlanmaq imkanı əldə etməklə yanaşı, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə edə biləcəklər.

Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli şou proqramlar nəzərdə tutulub.

Uşaqların marağına səbəb olacaq animatorların müşayiəti ilə təşkil olunacaq xüsusi şou-proqramlar da nəzərdə tutulub. Həmçinin, açıq havada, dağların ətəyində canlı musiqi və DJ-lərin preferansı yaşından asılı olmayaraq hər kəsin zövqünü oxşayacaq.

Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Qeyd edək ki, bu ənənə hər il Şahdağ Turizm Mərkəzində davam etdirilir.

Gununsesi.info