
“Mən öləndə yağış yernən, buludlar göynən ağlasın. Dirimə ağlayan anam, ölümə eynən ağlasın”.Ölümündən bir neçə gün öncə sosial şəbəkədəki profilində son statuslarından birində bu şeiri yazmışdı. Sanki öləcəyini əvvəlcədən hiss edibmiş. Söhbət tanınmış jurnalist Ceyhun Nağıdan gedir. Yaşasaydı, 44 yaşı olacaqdı. Indi isə ölümünün 5 ili tamam oldu… Beləcə, düz 5 il əvvəl Azərbaycan Mətbuatı daha bir peşəkar nümayəndəsiylə qəfil vidalaşdı…
Üzündən təbəssüm, dilindən zarafat əskik olmazdı, Ceyhunun. Hətta ölümü haqqında başsağlıqlarını oxuyanda belə, elə bilirdim dostlarının Ceyhunla zarafatıdır. Ürəyi vəfa etməmişdi Ceyhuna…
Sonuncu iş yeri “Həftə içi” qəzetiydi, redaktor vəzifəsində çalışırdı. Çətinliyini, problemini kimsəyə yansıtmazdı… “Gül ki, dünya gülsün” deviziydi onun…
Ceyhun Nağının evi yox idi, qayınatasının evində yaşayırdı. Heç bilmirəm, hazırda onlar necə yaşayırlar… Sənsizliyində düz 5 yaş böyüyüblər yəqin. Amma içlərində bir ata dərdi, ata həsrətiylə böyüyürlər…
Çox sevdiyi iki gözəl balasıyla həyat yoldaının bu fani dünyanın ümidinə buraxıb gedən jurnalistin Allah o dünyasını versin…
Ceyhunun məzarı uzaq Tovuz rayonunun Düz Cırdaxan kəndində olsa da, ruhu daim bizimlədir.
Hə…. Kədər hissiylə yazıram bunu… Yazını hazırlamamışdan əvvəl təkrar şəbəkədəki səhifəsinə baxdım. 5 il əvvəl dostlugunda 4 mindən çox adam var idi. Yoxluğundan keçən 5 il sonra isə cəmi 631 dostu qalıb… Demək, səni mənim kimi unutmayan, hələ də dost bilən, xatırlayan 630 dostun var, Ceyhun… Ruhun şad olsun…
Allah rəhmət eləsin!
Gülnaz Qənbərli
Gununsesi.info