Şair Nurəddin Mirzəxanlının 70 illik yubileyi qeyd edilib - FOTOLAR

  • By admin
  • 22 Noyabr 2017 18:50

Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Soru kəndində anadan olmuş, çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nurəddin Mirzəxanlının anadan olmasının 70 illik yubileyi qeyd edilib.
Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan aparıcı Hüsaməddin Abbasov yubilyarın həyat və yaradıcılığı  barədə ətraflı məlumat verib.
Yubiley tədbirində “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, “Azərbaycan uğurunda” qəzetinin baş redaktoru Xatirə Əzizqızı, şairlər Balayar Sadiq, Esmira Məmmədqızı, şair-dramaturq Xanlar Həmid, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, yubilyarın həmkəndlisi Tahir Əliyev və başqaları çıxış edərək Nurəddin Mirzəxanlını çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, vətəninə, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə ediblər.
Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şairin yubileyinin keçirilməsini Prezident İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb. 10 il öncə 60 illik yubileyinin də qeyd edildiyini vurğulayan natiq yubilyarın torpaqlarımızın azadlığı uğurunda həm hərbiçi, həm şair kimi vuruşduğunu,  dövlətinə, elinə bağlı ağsaqqal, gözəl ailə başçısı olduğunu bildirib.

İcra başçısı şairə uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə məktəblilərin ifasında şairin şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş nəğmələr ifa edilib.
Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon icra hakimiyyəti başçısına və onu həmişə yüksək səviyyədə qarşılayan el-obasına minnətdarlığını bildirib.

Mail Ağaxanov

Gununsesi.info