Samir Şərifov deputatların qaldırdığı təklifləri cavablandırdı - "GƏLİRLƏRİMİZ ARTSIN Kİ, BİZ DƏ XƏRCLƏRİ ARTIRAQ"

  • By admin
  • 22 Noyabr 2017 17:48

“Səhiyyə sahəsinə xərclərin artırılması hökumət üçün prioritet təşkil etsə də, burada müəyyən problemlər var”.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə büdcə müzakirləri zamanı deputatların qaldırdığı təklifləri cavablandırarkən deyib.

Onun sözlərinə görə, səhiyyə xərclərini artıran zaman beynəlxalq praktika nəzərə alınmalıdır: “Gərək bizim gəlirlərimiz artsın ki, biz də bu xərcləri atrıraq. Xərclərlə gəlir arasında fərq olanda bunu etmək olmaz. Bu, xoşagəlməz fəsadlara yol aça bilər”.

Bakıətrafı dəmiryol sisteminin qurulmasına gəldikdə isə nazir deyib ki, dövlət başçısının tapşırığına əsasən bu istiqamətdə işlər görülməkdədir.

Nazir onu da əlavə edib ki, ölkənin müxtəlif bölgələrində və Bakıda məişət tullantılarının idarə olunması ilə bağlı böyük layihələr həyata keçiriləcək: “Naxçıvan, Quba-Xaçmaz, Şirvan, Gəncədə və Bakının iki rayonunda məişət tullantılarının idarə olunması ilə bağlı layihələr nəzərdə tutulur”.

Nazir bildirib ki, burada səslənən elə məsələlər var ki, onların növbəti ildə nəzərə alınması mümkün deyil və onlar gələcək illərdə nəzərə alına bilər.

Mürtəza

Gununsesi.info