Silah alveri edən dəstə tutulub

  • By admin
  • 30 İyun 2016 14:30

silah

 

Azərbaycanda silah alveri ilə məşğul olan qrup zərərsizləşdirilib. Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri saxlanılıblar. Belə ki, saxlanılan şəxslər əvvəllər məhkum olunmuş Ceyhun Hümmətov və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı Tangiz adlı şəxsə Bakıda çatdırılması üçün sursatı həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilib.

Əməliyyat zamanı məlum olub ki, qutuda 1 ədəd avtomat, patron və patron darağı olub. Silahlar 1300 manata satmaq məqsədilə göndərilirmiş. Aparılan əməliyyat zamanı C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılıblar. E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verib.

İyunun 29-da E.Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb və araşdırmalar aparılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı içərisində 1 ədəd “АКSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib.

S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.

Gülnaz Qənbərli