“Sınıq Körpü”də kütləvi dava düşməsi və gömrük işçisinin döyülməsi yanlışdır” - DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

  • Müəllif: admin
  • 25 Aprel 2017 23:31

dovlet_gomruk_komitesi_041

Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Gununsesi.info xəbər veriri ki, Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatında deyilir:  “Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən  “Sınıq Körpü”  gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində  “Sınıq Körpü” gömrük postunun əməkdaşının  xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Sınıq Körpü” gömrük postunda “dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu  postda Rəşad Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə,  onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”,- deyə məlumatda bildirilir.

Gununsesi.info