“Siqaretlərin süni bahalaşdırılması bəzi qüvvələrin marağına xidmət edir” - Vahid Məhərrəmov

  • By admin
  • 06 Sentyabr 2016 10:29

siqaret

Eyyub Hüseynov: “Ölkəmizə qaçaq yolla gətirilən siqaretlər 15-20 ildir Bakının Nərimanov rayonu ərazisində satılır”

Dünəndən etibarən Azərbaycanda sqiretlərin qiymətlərində yenidən artım müşahidə edilməyə başlayıb. Bəzi növ siqaretlər 20-30 qəpik bahalaşıb. Bu da ictimai narazılığa və narahatlığa rəvac verib. Qeyd edək ki, hazırda dünya bazarında siqaretlərin qiymətlərində artım yoxdur. Digər tərəfdən, neftin ucuzlaşması ilə əlaqədar sənaye məhsullarının istehsalında xərclər getdikə azalmaqdadır. Bu baxımdan, dünya bazarında siqaret də daxil olmaqla, sənaye məhsullarının ucuzlaşmaqdadır. Bəs görəsən, Azərbaycanda siqaretlərin bahalaşması nə ilə əlaqədardır? Sözügedən bahalaşma siqaret çəkən ailələrin büdcəsinə hansı formada mənfi təsirini göstərəcək? Ölkə əhalisinin siqaretə tələbatının daxili istehsal hesabına ödənilməsi mümkündürmü?

Bizi maraqlandıran sualları cavablandıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya bildirir ki, bu gün dünya bazarında bütün mal və məhsulların qiymətlərində çox ciddi ucuzlaşma var. O, təəssüflə qeyd edir ki, Azərbaycan sanki dünya bazarından təcrid olunub: “Respublikamızda gedən iqtisadi proseslər həm qiymət, həm keyfiyyət, həm də digər kriteriyalar baxımından dünya bazarında gedən proseslərdən tamamilə fərqlidir. Ölkəmizdə siqaretin qiymətinin artırılmasının heç bir iqtisadi əsası yoxdur. Bu məsələdə yalnız siqaret sahəsini inhisara alan məmurların marağı var. Belə ki, inhisarçılar yaranmış fürsətdən istifadə edərək daha çox gəlir əldə etmək istəyirlər. Düzdür, onlar bu məhsulları dollarla əldə edirlər. Ancaq buna baxmayaraq, Azərbaycana gətirilən siqaretlər kifayət qədər baha qiymətə satılır. Burada digər bir məsələ də var. Hökumət istəyir ki, spirtli içkilərin, siqaretin qiymətini artırmaqla dövlət büdcəsinin gəlirlərini artırsın. Bu gün məqsəd məhz budur”.

Bəzi məmurların xaricdəki siqaret fabriklərində səhimləri ola bilər

Ekspert qeyd edir ki, Azərbaycanda tütün istehsal olunur və bu gün ölkəmiz idxal etdiyi həcmdə də tütün məmulatları ixrac edir. Onun dediyinə görə, respublikamızda tütün istehsalı ilə bağlı heç bir problem yoxdur və tütün istehsalını artırmaq mümkündür: “İş burasındadır ki, yalnız istehsalla bu məsələ bitmir. Siqaretin tərkibində kifayət qədər komponetlər var və onlar ya ölkəmizdə istehsalı olmalı, ya da xaricdən gətirilməlidir. Hər halda həmin komponentlərin Azərbaycanda istehsalı mümkündür və bu məsələdə problem yaşanacağına inanmıram. Hazırda Azərbaycanda siqaret istehsalçılarının sayı günbəgün artır. Təssüflər olsun ki, biz indi dünyanın ən çox siqaret istehlak edən ölkələri sırasında yer alırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində adambaşına 50 qutudan çox, yəni 75 qutuya yaxın siqaret düşür. Azərbaycan daxili istehsal hesabına tütün məmulatlarına olan tələbatını tam şəkildə ödəyə bilər. Bu, həm də uçuz baş gələ bilər. Bir daha qeyd edirəm ki, burada heç bir problem yoxdır. Sadəcə idxalda marağı olan bəzi qüvvələr var. Hətta bəzilərinin xaricdə fəaliyyət göstərən siqaret fabriklərində səhimləri ola bilər. Bunu dəqiq deyə bilmərəm. Ancaq idxalda olan maraq onu düşünməyə əsas verir”.

V. Məhərrəmov əlavə edir ki, əvvələr ölkəmizdə tütünçülüyə fikir verilməyib. Bu sahəyə kredit verilməsi qadağan edilmişdi. Dünya Bankı bu sahənin inkişafını arzuedilməz hesab etmişdi. Nəticədə də respublikamız bu sahədə gerilədi. Ona görə də idxaldan asılı vəziyyətə düşmüşük. Azərbaycanda tütünçülüyün inkişafı üçün elədə ciddi capital qoyluşuna ehtiyac yoxdur. Bu gün hansı istehsal sahələrinə ehtiyac varsa, dövlət o sahə üzrə öz üzərinə düşün vəzifəni həyata keçirməlidir: “Məsələn, su ilə təminat olduqca bərbad haldadır. Tütün də enliyarpaqlı bitkidir, suya daha çox tələbatı ola bitkdir. Su problemi olanda, su təminatı olmayanda məsuldarlıq aşağı, maya dəyəri isə yuxarı olur. Üstəlik, keyfiyyət də aşağı düşür. Məhsulda keyfiyyət amili önəmli amildir. Digər tərəfdən, tütün münbüt torpağı sevən bitkidir. Əgər torpaqda münbütlük aşağırdırsa, məhsuldarlıq aşağı olur. Təəssüflər olsun ki, ölkəyə keyfiyyətsiz və az həcimdə mineral gübrə gətirilir. Dövlət bu sahədə müəyyən addımlar atmalıdır. Ola bilsin ki, emal müəssələri ilə fermerlər arasında əvvəlcədən müqavilə şərtlərinə uyğun olaraq müəyyən qədər maliyyə ayrılmalıdır. Hətt, dövlət aşağı faizlə kreditin verilməsini təmin edə bilər. Bu sahə ilə bağlı subsidiyanın ayrılması buna önəm verə bilər. Dövlətin əlində kifayyət qədər maliyyə riçaqllar var. Bu sahə müasir tələblərə uyğun inkişaf etdirilməlidir. Dövlət proqramı qəbul olunmalıdır. Əgər sadaladığım problemlər öz həllini taparsa, istehlak bazarında daxili tələbata uyğun şəkildə siqaret istehsalı mümkünləşər”.

Səhiyyə Nazirliyi təhlükəli siqaretlərə gigiyenik sertifikat verib

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Gununsesi.info-ya bildirir ki, məhsul və malların qiymətlərinin ucuzluğunu və bolluğunu istəyir. O, deyir ki, istehlakçıların hüquqlarını qoruyan bir təşkilatın sədri kimi siqaret istisna olmaqla, bütün malların ucuz və keyfiyyətli olmasının tərəfdarıdır: “Siqaretin bahalaşdığı bir şəraitdə Şəki şəhərində “Mehdi” firması və “Azəri” korporasiyası 45 qəpiyə filtirsiz siqaret istehsalına başlayıb. Onlar çox təhlükəli siqaretlərdir. Artıq Azad İstehlakçılar Birliyi bunun qarşını almaq istiqamətində lazımi iş aparır. Bir daha qeyd edirəm ki, siqaretin qiymətinin qalxmasının tərəfdarıyam. Eyni zamanda, hər bir biznes qurumu malı istədiyi qiymətə sata bilər. Bu, bazar iqtisadiyyatından qaynaqlanan bir məsələdir. Dövlət qiymətə müdaxilə edə bilməz. Əgər dövlət istəyirsə ki, məhsulun qiyməti aşağı düşsün, o zaman bir sıra tədbirlər həyata keçirməlidir. Məsələn, dövlət rüsümu aşağa sala bilər. Ancaq siqaretə tələb var ki, qiymət də artıb”.

E. Hüseynov “Siqaretlərin bahalaşması istehlak bazarına saxta, insan həyatı üçün təhlükəli siqaretlərin satışının kütləviləşməsinə, həmçinin ölkəmizə qaçaq yolla siqaretlərin gətirilməsinə imkan yarada bilərmi” sualına cavab olaraq bildirir ki, öllkəmizdə “Karvan” və “ Şəki” adında təhlükəli və ucuz 45 qəpiyə siqaretlər satılır: “Azyaşlı uşaqlar qiymətin aşağı olmasından istifadə edərək alıb istifadə edirlər. Bununla yanaşı, ölkəmizə qaçaq yolla siqaretlərin gətirilməsi də hər zaman olub və olcaq. Ölkəmizə qaçaq yolla gətirilən siqaretlər əsasən Bakının Nərimanov rayonu ərazisində satılır. Artıq 15-20 ildir bu proses davam edir”.

Anar

Gununsesi.info