
“İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevin 10 illik cəzası bir il azaldılıb. Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan şirkət rəhbərinin cəzasının 9 ilə endirilməsinə qərar verib.
Gununsesi.info xəbər verir ki, Kənan Quliyev armatur biznesi adı ilə müxtəlif adamlardan pul alıb qaytarmamaqda günahlandırılır. Bu iş üzrə 19 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 800 min manatdan çox ziyan vurulduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Quliyev 10 il azadlıqdan məhrum edilib. Şirkət direktorunun özü ilə yanaşı, zərərçəkmişlərdən Hamlet Həmzəyev də bu hökmdən narazı qalıb. Amma təqsirləndirilən direktordan fərqli olaraq, zərərçəkmiş ona verilən 10 illik cəzanın daha da ağırlaşdırılmasını tələb edirdi.
K.Quliyev bundan öncə də məhkum edilib. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə, ona şərti cəza verilib.
Gülər
Gununsesi.info









