Siyasi məhbuslar üzrə məruzəçi təyinatı təəccüblü deyil - MUSA QULİYEV AŞ PA-nın QƏRARINI ŞƏRH EDİR

  • Müəllif: admin
  • 27 İyun 2018 22:22

Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən iclasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunub.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan və bir sıra ölkələri təmsil edən deputatların etirazına baxmayaraq, bu barədə qərar səs çoxluğu ilə qəbul olunub. Yeni mərizəçi isə İslandiyadan olan 31 yaşlı deputat Thorhildur Sunnadır.

Bundan başqa sessiyada Azərbaycanda keçirilən son  prezident seçkiləri ilə bağlı da hesabat qəbul olunub.

Hökumətin tənqidinə həsr olunan hesabatda, həmçinin bir sıra təkliflər də yer alıb.

YAP-çı deputat Musa Quliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, siyasi məhbuslar üzrə məruzəçi təyinatı onun üçün təəccüblü olmayıb: “Uzun zamandır ki, Avropa Şurasında olan bəzi qüvvələr buna çalışırdı. Azərbaycanı gözdən salmaq üçün əllərindən gələni edirdilər. Bu qüvvələrin məqsədi Azərbaycanla Avropa Şurasının yolunu ayırmaqdan ibarətdir. Səməd Seyidovla bağlı sanksiya qərarı da buna xidmət edirdi. Amma biz bu qüvvələrə göstərdik ki, Avropa Şurasına könüllü daxil olmuşuq. İstəyimiz olmasaydı bu quruma üzv olmazdıq. Bəlkə də gözləyirdilər ki, Azərbaycan Avropa Şurasından çıxacaq. Amma bunu görmədilər”.

Deputatın sözlərinə görə, Azərbaycan Avropa Şurasına daxil olandan sonra mütərəqqi qanunverici baza yaradıb: “Ölkəmizdə məhkəmə-hüquq islahatları aparılıb.  İctimai televizya yaradılıb, bir sıra qanunvericilik aktlarına məcəllə halına salınıb. Bütün bunlar görülən işlərin nəticəsidir. Amma buna baxmayaraq, bizdə nöqsan axtaramaqda davam edirlər”.

Pərviz Həşimli 

Gununsesi.info