“Şöbə müdiri keçməyim üçün 20 min manat verdim” - Səlim Müslümovun işçisi

  • By admin
  • 28 Noyabr 2022 20:59

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Şükür Osmanov ifadə verib. O deyib ki, əlillər üçün Şabran rayonunda 5 fərdi ev tikiblər. Həmin evlər rayon rəhbərliyinin iştirakı ilə sahiblərinə təhvil verilib.

Məhkəmədə qeyd olunub ki, tenderlərdə iştirak edən tikinti şirkətində 12 min 201 manat çaşmazlıq aşkarlanıb. Şahiddən Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak edib-etmədiyi soruşulub.

Şahid deyib ki, tikinti şirkəti mərhum Müşfiq Qurbanova məxsus olub. Tenderlərdə Müşfiq Qurbanov iştirak edib, o da Müşfiq Qurbanovun işçisi olub. Hakim isə bildirib ki, rəsmi sənədlərdə şahid tikinti şirkətin təsisçisi kimi göstərilir. Hakimin sözlərinə görə, vəzifəli şəxslərə bununla bağlı israfçılıq ittihamı verilsə də, mənimsəmə faktı şahidin üzərinə düşür.

Bu epizod üzrə şahid Elxan Dadaşov da ifadə verib. O deyib ki, bütün işləri Müşfiq Qurbanov görüb.

Digər şahid Fikrət Qurbanov deyib ki, 1973-cü ildən Gəncə şəhərində aptek müdiri işləyir: “Məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırdılar. Orada dedilər ki, Gəncə əlillərin bərpası mərkəzi ilə müqavilən olub”.

Fikrət Qurbanovun istinataqa verdiyi ifadəsi elan olunub. O ifadəsində göstərib ki, 2015-ci ildə Gəncə əlillərin bərpası mərkəzinə müqavilə əsasında 5 min 800 manatlıq dərman satıb. Qeyd edib ki, həmin puldan 1450 manat “otkat” qaytarıb.

Şahid isə istinataqa verdiyi ifadəsini təkzib edib və belə bir ifadə vermədiyini deyib: “Vicdanım haqqı, belə bir şey olmayıb. İstintaqa belə ifadə verməmişəm. Hər dəfə mərkəzinin rəhbərliyinə 200-300 manat qaimə-faktura vermişəm. Başqa heç nə olmayıb”.

Hakim isə deyib ki, şahid növbəti iclasa dəvət ediləcək, ona Gəncə əlillərin bərpası mərkəzi ilə aralarında bağladıqları müqavilə təqdim olunacaq.

Daha sonra ifadə verən Rüfət Kərimov deyib ki, Gəncədə evi olub, həmin evi nazirliyin işçilərinə 60 min manata satıb. Hakim isə deyib ki, rəsmi sənədlərdə ev 70 min manata satıldığı yazılıb. Şahid bundan xəbəri olmadığını bildirib.

Digər şahid Rüfət Kərimovun sözlərinə görə, nazirliyin tikilməkdə olan obyektlər idarəsinin texniki nəzarət şöbəsinin müdiri olub. Natiq Əzizov isə tikilməkdə olan obyektlər idarəsinin rəisi olub: “Mən Natiq Əzizovun işçisi olmuşam. Qarabağ əlillərinə mənzillər alınmalı idi. Bununla bağlı tender elan olundu. Evlərin alqı-satqısı ilə bağlı natarusda nazirliyin nümayəndəsi kimi mən iştirak etmişəm”.

Rüfət Kərimovun sözlərinə görə, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində evlərin-alqı satqısına nəzarət edib: “Mənim əsas vəzifəm sənədlərə nəzarət etmək olub. Sənədlərdə olan uyğunsuzluqlar müəyyən etmişəm və aradan qaldırmışam. Belə bir fakt Mingəçevir şəhərində baş verdi. Orada satılan evin qiyməti uyğun olmadığını müəyyən etdim. Bunu sənədlərdə dəyişdirilməsini həyata keçirdim”.

Şahid daha sonra qeyd edib ki, Mingəçevir və Gəncə şəhərinə evləri almaq üçün podratçı Rövşən Xəlilovla birgə gedib. Hakim isə bildirib ki, Rövşən Xəlilov nazirliyə adiyyəti olmayan adamdır. O, şahiddən nazirliyə adiyyəti olmayan şəxslə yola çıxmasının səbəbini soruşub.

Şahid isə cavab verib ki, Natiq Əzizovun göstərişi ilə Rövşən Xəlilovla birgə Gəncə və Mingəçevir şəhərlərinə ev alqı-satqısı həyata keçirmək üçün gedib.

Prokuror Babaxan Həsənəliyev isə bildirib ki, vətəndaşdan ev 62 min manata alınıb, rəsmi sənədlərdə isə qiymət 70 min manat göstərilib. Belə faktlarla dövlətin pulu mənimsənilib. Şahid qeyd edib ki, sənədlərə əlavə pulun yazılması mümkün deyil.

Şahid Vüqar Cəfərov göstərib ki, Gəncənin Nizami rayon Dövlət Sosial Fondunun məsləhətçisi işləyib: “Mən Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olan şəxsləri yaxşı tanıdığım üçün Bakıdan gələn nazirliyik işçilərini onlarla tanış etmişəm. Rövşən müəllimi tanımışam. Onu da həmin maklerlərlə tanış etmişəm”.

Hakimin suallarını cavablandıran şahid Rövşən Xəlilovun nazirliyə heç bir aidiyyəti olmamasını izah edə bilməyib. O bildirib ki, evlərin alqı-satqısında iştirak etsə də, bundan onun heç bir maddi gəliri olmayıb.

Daha sonra ifadə verən Nizami Əhmədov bildirib ki, Gəncənin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi Fondunun müdiri olub. Nazirlik tərəfindən rəhbəri olduğu şöbə dəfələrlə yoxlanılıb, sonuncu yoxlamadan sonra işdən azad olunub.

Nizami Əhmədov bildirib ki, sosial evlərin alqı-satqısı ilə nazirliyin işçiləri məşğul olub: “Yalnız sənədi olan evlər alınırdı. Evlərin alınması üçün Bakıdan gəlirdilər. Onları da maklerlərlə tanış edirdik. Həmin şəxslərdə maklerlərlə danışıb, alqı-satqı həyata keçirirdilər. Daha sonra alınan evlər nazirliyin işçiləri tərəfindən təmir olunurdu, paylanılması üçün icra hakimiyyətinə verilirdi”.

Bu zaman hakim Nizami Əhmədovun istinataqa verdiyi ifadəsini elan edib. Həmin ifadəyə görə, Natiq Əzizov vətəndaşlara evlərin alınması üçün köməklik etməyi xahiş edib. Həmin ifadəyə görə, mənzillərin alqı-satqısında əlavə pullar köçürülüb, həmin pullar da nazirliyə göndərilib. Şahidin ifadəsinə görə, pulları Rövşən Xəlilov aparıb. O, ifadəsində Natiq Əzizovun da Gəncəyə bu işlərlə bağlı gəldiyini qeyd edib.

Daha sonra Rövşən Xəlilov qeyd edib ki, “Xəzri Təmir” MMC-nin rəhbəri olub. Natiq Əizozovu Gəncə və Mingəçevirdə alınan sosial evlərlə bağlı tanıyıb. Qeyd edib ki, aldığı pulları Bakıda Zərifə Əliyeva parkının yanında Natiq Əzizova verib.

Rövşən Xəlilov bildirib ki, Nizami Əhmədovun cəmi bir dəfə görüb, ona da bu işlərlə bağlı 6 min manat verib.

Şahid Ramil Salmanov DSMF-nin Salyan rayon şöbəsində məsləhətçi kimi çalışdığını deyib. DSMF-nin Neftçala rayon şöbəsinə müdir keçmək üçün 20 min manat verib.

Digər şahid Seymur Rəhimovun sözlərinə görə, iki fərdi ev tikib və iki evə görə 6 min manatı şəxsən nazirliyin nümayəndəsi Natiq Əzizova verib.

Şahid Səfayət Şıxalıyevin sözlərinə görə, şəhid və veteranlar üçün 24 ev tikib, Natiq Əzizova 63 min manat “şirinlik” verib: “Təkcə Salyan və Neftçalada 28 evə görə Natiq Əzizova 84 min manat vermişəm”.

Növbəti proses dekabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Gununsesi.info