Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib. Ölkə başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
Xatırladaq ki, SOCAR-ın yeni binası Cənubi Koreyanın“Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası əsasında inşa olunub. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin”TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb.
Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verir.
209 metr hündürlüyündə olan ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.
Bina Azərbaycan dövlətinə 1.5 milyard manata başa gəlib.
Iqtisadçı ekspert Samir Əliyev layihənin qiyməti ilə bağlı araşdırma aparıb. O, bildirib ki, əgər layihənin 1.5 milyard (təxminən 1.9 milyard dollar) manata başa gəldiyi təsdiqlənərsə o zaman aydın olacaq ki, binanın hər kv.metrinə 32 min dollar xərclənib. “Sanki bina qızıldan tikilir”, – deyə ekspert əlavə edib.
Samir Əliyev daha sonra bir neçə müqayisəni diqqətə çatdırıb: “Burc Khalifa (Xəlifə Qalası) Dubayda yerləşir və dünyanın ən hündür tikilisidir. Binanın hündürlüyü təxminən 830 metrə yaxındır. 2010-cu ildə istifadəyə verilən tikilinin sahəsi 344 min kv.metrdir. Bina ümumilikdə 1,5 milyard ABŞ dollarına tikilib. Tikintisi 6 il (2004-2010) çəkib. Binanın 1 kv.metri təxminən 4361 dollara başa gəlib.
Gununsesi.info