
Azərbaycan altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisi layihəsinə 904.6 milyon dollar xərcləyib.
Gununsesi.info Dövlət Neft Fonduna istinadən xəbər verir ki, bu layihənin icrası 2013-cü ildən etibarən icra etməyə başlayıb.
Son vaxtlar Xəzər dənizində işləyən şirkətlər kəşfiyyat və hasilat quyularının qazılması üçün üzən qurğuların çatışmazlığı ilə üzləşiblər. Belə qurğuların həm mövcud, həm də imzalanması planlaşdırılan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə yataqların irimiqyaslı və dərin hissələrində işlənməsinə ehtiyac var. Görüləcək bütün iş həcmini yerinə yetirmək (və yeni kəşfiyyat quyuların qazılması) üçün mövcud qurğuların kifayət etməməsi səbəbindən, yeni kəşfiyyat quyularının qazılması üçün ən yeni və müasir qazma qurğularına ehtiyac duyulur.
Üzən qazma qurğusunun tikintisi məqsədilə səhmlərinin 10 faizi Dövlət Neft Şirkətinə, 90 faizi Kaspian Drilling Kompany MMC-yə (“KDK” MMC) məxsus “Socar Rig Assets” MMC yaradılıb. Dövlət Neft Fondu ilə “Caspian Drilling Company LLC” arasında 5 iyul 2013-cü il tarixində imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən “Socar Rig Assets” MMC-nin 90 faizlik payı üzərində sahiblik hüququ ARDNF-ə keçib.
“Socar Rig Assets” MMC-nin fəaliyyətinə nəzarət Dövlət Neft Fondu və Dövlət Neft Şirkətinin hərəsindən bir nəfər olmaqla ümumilikdə iki nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının Qərarına əsasən “Socar Rig Assets” MMC-nin adı dəyişilərək “Azerbaijan Rigs” MMC adlandırılmışdır. “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalının alınması investisiya layihəsi olaraq Neft Fondunun investisiya portfelinə daxil edilir.
Layihə büdcəsinin maksimum həddi 1 milyard 116 milyon dolları təşkil edir. Qazma qurğusunun tikintisinin 41 aya başa çatdırılması nəzərdə tutulur. Layinənin əvvəlindən bu günə qədər “Azerbaijan Rigs” MMC-ə ümumilikdə 904,6 milyon ABŞ dolları, o cümlədən 2017-ci il ərzində 110,9 milyon ABŞ dolları vəsait ayrılıb.
Vüsalə
Gununsesi.info











