ŞOK: Hökumət “Nardaran İşi”ndəki işgəncələri etiraf edib - ŞİKAYƏTÇİLƏRƏ TƏZMİNAT VERİLƏCƏK

  • By admin
  • 09 Fevral 2023 16:16

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərar qəbul edib.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumata görə, bu işlər arasında “Nardaran İşi” üzrə  həbs olunan şəxslərin şikayəti də var.

Bildirilir ki, Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun şikayətində “Nardaran İşi” üzrə həbs edilən zaman işgəncəyə məruz qaldıqlarını, habelələ, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasını göstərib.

Qərarda qeyd olunur ki, şikayətlə bağlı Avropa Məhkəməsinin hökumətə ünvanladığı suallara cavab verilərkən, işgəncə faktları etiraf olunub.

Bu etirafla yanaşı hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyin müqabilində barışıq təklif edib.

Ancaq ərizəçilər bu barışıq təklifini qəbul etməyib. Şikayətçilər tələb edib ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib.

Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.

Bununla belə AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir.

 

Elmar Elnuroğlu