“ Son illər 600-dən çox bal toplayanların sayı 32 faiz artıb” - MİKAYIL CABBAROV

  • By admin
  • 08 Oktyabr 2016 11:22

Gununsesi.info mikayil jabbarov education ministry
“Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb”.
Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
O, həmçinin deyib ki, ötən illə müqayisədə imtahanlarda müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz artım müşahidə edilib:
“Bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir. Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb. 2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda – 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2 min 235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir” – deyə, nazir daha sonra sözlərinə əlavə edib.

Anar
Gununsesi.info