“Son illərdə ağır cinayətlərin törədilmə xarakteri dəyişərək daha da sərtləşib” - İLHAM RƏHİMOV

  • Müəllif: admin
  • 09 Dekabr 2017 12:35

Son illərdə ağır cinayətlərin törədilməsinin xarakteri dəyişərək, daha da sərt formalardan istifadə olunur.

Bunu Gununsesi.info-ya açıqlamasında professor İlham Rəhimov son illərdə ölüm halları ilə qeydə alınan cinayət hadisələrini şərh edərkən deyib.

İ.Rəhimov bildirib ki, son 10-15 ildə müşahdiə edilən ağır cinayətlərin xarakterinə və baş vermə hallarına nəzər saldıqda, bu cinayətlərin  törədilməsinin xarakterinin dəyişdiyinin şahidi oluruq: “SSRİ dövründə qeydə alınan ölüm cinayət hadisələri ilə indiki ölüm cinayət hadisələri arasında fərqlər var. Birincisi, o zaman bu sayda ölüm hadisələri qeydə alınmırdı. İkincisi də ölüm hadisəsi ilə nəticələnən cinayətlərin xarakteri belə deyildi. İndi ölüm hadisəsi ilə baş verən cinayətlər daha amansız  formada həyata keçirilir. Elə götürək Salyanda baş verən cinayət hadisəsini. Ailə başçısı bir neçə ailə üzvünün, xanımı və qızlarının başını kəsərək həyətində gizlədir. Özü də bu cinayətlər daha amansız formada, qəddarcasına bıçaqla, balta ilə həyata keçirilir. Lakin SSRİ dövründə belə deyildi. O zaman belə amansızcasına baş verən ağır və ölüm cinayətləri təsadüf  hallarda baş verirdi”.

İ.Rəhimov hesab edir ki, bu gün belə cinayət hadisələrinə görə cəza tətbiq edilən zaman cinayət hadisəsinin törənməsinin digər səbəbləri ilə yanaşı psixoloji, sosioloji məqamlar da nəzərə alınmalıdır: “Ağır cinayətlərin törədilməsində psixoloji məqamlar ancaq Amerikada öyrənilir və praktikada tətbiq olunur. Nəticədə bu cinayət hadisələrinin azalmasına da öz müsbət təsirini göstərir. Ona görə də hesab edirəm ki, Azərbaycanda da ağır cinayətlərin törədilməsi zamanı psixoloji məqamlar nəzərə alınmalıdır. Yəni cinayətə görə cəza tətbiq edilərkən, cinayətin hansı şəraitdə, formada və cinayət törədən şəxsin psixoloji durumu nəzərə alınmalıdır”.

Mürtəza

Gununsesi.info