Söyüşə görə öldürüldü - YEVLAXDA

  • Müəllif: admin
  • 19 May 2017 12:25

qetl

Yevlax rayonunda qətl törətməkdə təqsirli bilinən 1991-ci il doğumlu Rza Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rza Rzayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 126.3-cü maddəsinə tövsüf edilib.

Həmin maddə ilə Rza Rzayev təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protestində Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada baxılıb. Apellyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, prokurorluğun protesti əsassız hesab edilib və şikayət təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki,  Rza Rzayev 30 noyabr 2015-ci ildə, saat 21:30 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olarkən özünə məxsus “Mersedes Benz C 200” markalı avtomobili ilə Yevlax şəhəri “31-ci məhəllə” adlanan ərazidə yerləşən adsız kafenin qarşısına gəlib.

Orada sərxoş vəziyyətdə olan Sürət Əkbərov müştəri kimi Rza Rzayevə yaxınlaşıb və onu şəhərə aparmasını xahiş edib. Bu zaman Rza Rzayev ona sərxoşluğu ilə bağlı taksi xidməti göstərməkdən imtina edib.

Bu səbəbdən Sürət Əkbərov Rza Rzayevi söyüb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı orada olan Samiyəddin Mustafayev, Namiq Hacıyev və digərləri onlara yaxınlaşaraq hər ikisini sakitləşdirməyə çalışıb.

Lakin Rza Rzayev Sürət Əkbərovla etdiyi mübahisəyə aydınlıq gətirmək üçün onu idarə etdiyi maşına əyləşdirib və ümumi tanışları olan İbrahim Ağayevin yaşadığı binanın qarşısına aparıb.

Onun mobil telefonuna zəng edərək “qonşun Sürət içkili vəziyyətdə mənim və ailəmin ünvanına nalayiq sözlər işlədir, gəl onu başa sal, söyüş söyməsin” deyib və İbrahim Ağayevdən maşını saxladığı yerə gəlməsini xahiş edib. İbrahim Ağayev deyilən yerə gəlib və onların mübahisə etmələrinə iradını bildirib, Sürət Əkbərovu maşından düşürməyə çalışsa da, buna nail ola bilməyib.

Buna görə də İbrahim Ağayev də maşına əyləşib və Rza Rzayev avtomobili idarə edərək Bakı-Qazax magistral yolunun 288-ci kilometrliyinin Yevlax şəhərindən keçən hissəsindəki Q.Əşrəfbəyov küçəsinə gəlib.

Orada Rza Rzayev avtomobili saxlayıb, onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməsi ilə əlaqədar Sürət Əkbərova qəsdən xəsarət yetirməklə qisas almaq qərarına gəlib. Bu məqsədlə həmin gün saat 22:00 radələrində əvvəlcədən avtomobilinin sol ön qapısının ciblik hissəsində saxladığı bıçağı götürərək Sürət Əkbərovun əyləşdiyi avtomobilin ön oturacaq tərəfinə keçib. Orada Sürət Əkbərova bıçaqla xəsarət yetirib.

Bundan sonra, Rza Rzayev Sürət Əkbərovun yarasını sarıyıb. Sürətin təkidi ilə onu xəstəxanaya deyil, əvvəl İmran həkimin evinə aparıb. İmran həkim evdə olmadığını bildikdən sonra onu xəstəxanaya aparıblar. Lakin Sürət Əkbərov xəstəxanaya çatana kimi ölüb.

İstintaq orqanı Rza Rzayevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib və onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rza Rzayev bildirib ki, özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə verilmiş ittiham üzrə deyil, həmin məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Gülnaz Qənbərli

Gununsesi.info