“Südünü əmdiyiniz, əmcəyini kəsdiyiniz ana… “

  • By admin
  • 05 May 2020 18:24
Sosial şəbəkələrdə anti-Azərbaycan virusu yayılandan bəri yad qapılarına yallanan, hürə-hürə tullanan bu virus daşıyıcıların təcili ədalət məhkəməsinə cəlb olunması xalqımızın və millətimizin gündəmdən düşməyən təkidli tələbidir. Ölkə başçısından tutmuş digər vəzifə sahiblərinin ünvanına, anamızın bizə öyrətdiyi ana dilimizin leksikonunda olmayan təhqiramiz, hədyan sözlər yağdırmaqla, əslində özünü aşağılayan və ümumxalq nifrətinin hədəfinə çevrilən bu erməni lakeyləri şərəf və ləyaqətlərini çoxdan itirmişlərdir. Çünki başqasının şərəf və ləyaqətinə toxunmağın özü ən böyük şərəfsizlikdir. Onların növbəti nişangahlarına çevrilmiş Cavid Qurbanovun kim olduğunu millətimiz və dövlətimiz yaxşı bilir. Şizofrenik patologiyadan irəli gələn iftira və böhtanlar əslində milçəyin ürək bulandırmağı kimi bir şeydir. Köklü köməkçisi bir nəslin övladını hər vəchlə gözdən salmağa çalışanlar görəsən, aldıqları qonararla neçə günlük güzaranlarını təmin edə bilirlər. C.Qurbanovun Miskil Abdaldan başlayıb, Ağdabanlı Qurbana, Aşıq Şəmşirə, Qənbər Şəmşiroğluna keçid alan şəcərəsi Azərbaycan tarixinin bir hissəsidir. Bu ocaq hər zaman öz tarixi məsuliyyəti və xeyirxahlıq missiyası ilə yurddaşlarımızın and yerinə çevrilmişdir. Bu ocağın övladları hər zaman dövlətimizə və dövlətçiliyimizə sonsuz sədaqətləri ilə seçilmişlər ki, bunun özü də gendən və qandan gəlir. Çox gənc yaşlarından tanıdığım, ünsiyyətdə olduğum C.Qurbanovun hər addımı gözümün qabağında olub. Zərrə-zərrə qazandığı uğurlar onun işgüzarlığı, peşəkarlığı və zəhmətkeşliyi sahəsində baş tutub. O, hansı vəzifədə çalşıbsa, millətinin və dövlətinin etimadını doğruldub. Ölkəmizin yol təsərrüfatına rəhbərlik etdiyi dövrdə çəkilən avtomobil yolları, körpülər, keçidlər, ötürücülər və s. onun gecəli-gündüzlü zəhmətinin göstəricisidir. İndi Azərbaycanda yol problemi yoxdur.
C.Qurbanov Azərbaycan Dəmir Yolları QSC-yə təyin olunanda bu sahə bərbad gündə idi. Sovet dönəmindən qalmış, istismara yararsız vaqonlar, qaşınmış reyslər və qocalmış kadrlarla yeni bir sistem qurmaq mümkünsüz idi. C.Qurbanov tezliklə bu sahədə də yeni-yeni uğurlara imza atdı. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib başa çatdırılması, ölkəyə yeni vaqonların və sürət qatarlarının gətirilməsi, Bakı-Sumqayıt, Bakı-Gəncə sürət qatarının insanların istifadəsinə verilməsi cəmiyyətimizdə yeni bir ovqat yaratdı. Bütün bunlara görə ölkə prezidenti İlham Əliyev Cavid Qurbanova öz təşəkkürünü bildirdi. Bunu televiziya vasitəsilə təkcə mən yox, milyonlarla insan gördü. Bəs sizin kor gözünüz bunları görmədimi?! C.Qurbanov üç çağırış Milli Məclisin deputatı olub, hər seçkidən mən onun rəsmi vəkili olmuşam, seçiciləri ilə hər görüşdə o, yüzlərlə sosial problemi qısa müddətdə həll etdiyi üçün insanların ona inamını, ümidini, sevgi və sayğısını görmüşəm. Millət vəkili olmazdan öncə də o, həmişə yurdunun və yurddaşlarının qayğısına qalıb. 1988-1993-cü illərdə Kəlbəcər rayonu bəlli səbəbdən mühasirədə qalanda Murovun qarlı aşırımlarından yurddaşlarımıza yollanan yardım karvanını da göndərən C.Qurbanov idi. Onda onun elə böyük vəzifəsi olmasa da, böyük ürəyi var idi. Kəlbəcərlilər qayğıkeş və qeyrətli övladları C.Qurbanovla həmişə fəxr edirlər və edəcəklər. Saysız-hesabsız imkansız ailələrin, həmçinin köçkün ailələrin duaları onu hər zaman qoruyacaq. Məslək və mənsəb sahibi olmaq Tanrı seçimidir, bunu dərk etməyən gerizəkalıların bu seçimə müqavimət göstərmələri isə gülməlidir.
Sonda murdar sifətləriylə özlərini nifrət hədəfinə çevirən “internet qoçularına” bildirmək istəyirəm ki, yad ölkələrin kolluqlarında gizlənib qurd kimi yox, çaqqal kimi ulamaq, “yetənə yetib, yetməyənə bir daş atmaq”, “Babam mənə kor deyib, hər gələni vur deyib” prinsipi ilə yaşamaq, nəhayət şər-böhtan və iftira manyakına çevrilmək təkcə sağlığında yox, öləndən sonra da lənətlənməkdir. Mükafatınız mübarək! Onu da unutmayın ki, südünü əmdiyiniz, əmcəyini kəsdiyiniz ana yurda günlərin birində sizi ya qandalda, ya da tabutda gətirəcəklər, bax o məqam üçün vətənin üzünə çıxmağa üz qoyun”.
Adil Cəmil
Şair, tədqiqatçı, Əməkdar jurnalist

Gununsesi.org