Şuralar arasında memorandum imzalandı

  • By admin
  • 25 Noyabr 2016 11:29

sahin
Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) tərəfindən Rusiya, Belarusiya, Qırğızıstan və Qazaxıstanın milli gənclər platformaları ilə memorandumlar imzalanıb.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Rusiya Uşaq və Gənclər Birliklərinin Milli Şurası, Belarus Respublika Gənclər İttifaqı, Qazaxıstan Gənclər Konqresi Assosiasiyası və Qırğız Respublikası gənclərlə iş üzrə gənclər təşkilatları və komitələri Şurası Assosiasiyası ilə imzalanan memorandumlar ölkələrinin gənclər və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, həmçinin gənclər arasında dostluğun möhkəmləndirilməsi məqsədilə olub.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, tərəfimizdən imzalanan memorandum gənclər sahəsində əməkdaşlıqları daha da inkişaf etdirəcək və birgə yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaqdır: “Əsas məqsədimiz Azərbaycan gəncliyinin inkişafı üçün əlavə şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə təmsilçiliyini artırmaqdır”.
Qeyd edək ki, Memorandumun imzalanma mərasimi Bakı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası çərçivəsində baş tutub. Tədbirdə Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının üzvü Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və ARGTMŞ-ın sədri Seymur Hüseynov iştirak edib.
Tədbir zamanı həmçinin Şuranın gündəliyində 14 məsələnin müzakirəsi və sənədlərin qəbulu nəzərdən keçirilib. Gənclərlə iş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş sahəsində əməkdaşlığına dair” 25.10.2005-ci il tarixli Sazişin icrası məqsədilə yaradılıb. Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarətdir.

Anar
Gununsesi.info