Sürixdə “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

  • By admin
  • 09 Yanvar 2017 18:32

cavid

İsveçrənin Sürix şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla “İnterRail Holding AG” şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, görüş zamanı İsveçrə yüklərinin “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmiz aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır: “Əsas vəzifəmiz Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axınının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib”.

C.Qurbanov həmçinin bildirib ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə geniş əlaqələrimiz mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib.

“İnterRail Holding AG” şirkətinin prezidenti Hans Raynhard öz çıxışında Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.

Qeyd edək ki, “InterRail Holding AG” şirkəti İsveçrənin “Transİnvest” holdinqinə daxildir. Mərkəzi və Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya kimi ərazilərdə əlaqələri olan “TransInvest” şirkəti, 111 fərdi şirkətlərlə dünyanın 34 ölkəsində fəaliyyət göstərir.

Şirkətin əsas dörd coğrafi biznes istiqaməti var: Avropa İttifaqı – İsveçrə, Rusiya – Şərqi Avropa, Orta Şərq – Mərkəzi Asiya, Asiya – Uzaq Şərq. İrandan Avropaya və Avropadan İrana yüklərin idxalı və ixracı ilə məşğul olan nəqliyyat şirkətidir. İranın müxtəlif şəhərlərində 14 ofisi ilə təmsil olunan bu şirkət Bəndər Abbas və Tehran kimi şəhərlərdə 300.000 m2 çox olan xüsusi anbarların və terminalların sahibidir.

“InterRail Holding AG” dəmir yolu ilə yükdaşıma xidmətləri üzrə Avropada və Avrasiya məkanında aparıcı şirkətlərdən biridir. Beynəlxalq blok qatarların operatoru kimi fəaliyyət göstərir. Avrasiya qitəsində, xüsusilə də MDB ölkələrində ümumi və konteynerləşdirilmiş yüklərin daşınması və konteyner ticarəti ilə məşğul olur. Geniş vaqon parkına sahibdir.

Şirkətin Belarusda, Çində, Almaniyada, Hindistanda, İranda, Qazaxıstanda, Polşada, Rusiyada, İsveçrədə, Ukraynada və Özbəkistanda törəmə şirkətləri və nümayəndəlikləri var.

Gununsesi.info