Tələbələrə şad xəbər: “Təqaüdləri ödəniləcək, narahat olmasınlar “ - NAZİRLİKDƏN AÇIQLAMA

  • Müəllif: admin
  • 31 Mart 2017 17:03

teqaud

“Artıq 3 aydır ki, təqaüd ala bilmirik”.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, bu sözlər universitet tələbələrinə aiddir.

Azərbaycan Turizm və Menecment Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və bir neçə digər universitetlərdə artıq 3 aydır ki, tələbələrin təqaüdü ödənmir.

Redaksiyamıza müraciət edən tələbələrin sözlərinə görə, onlar mövcud problemlə bağlı universitet rəhbərliyinə müraciət ediblər. Onlara cavab olaraq deyiblər ki, “Maliyyə Nazirliyi hələ pul ayırmayıb. Ona görə də, təqaüdlər gecikir”.

Məlumata görə, bəzi universitetlərin girişində ödənişli tələbələrə xəbərdarlıq etmək üçün yazı yapışdırılıb. Onlardan tez bir zamanda ödəniş etmələri tələb edilib. Amma təqaüd almalı olan tələbələrin pulları ödənilmir.

Biz də məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov əməkdaşımıza bildirib ki, tələbələr təqaüdlərini alacaqlar: “Məsələdən məlumatımız var. Aprel ayının ilk həftəsində bütün tələbələrin təqaüdləri ödəniləcək. Narahat olmasınlar”.

Gununsesi.info