Tarif Şurasında ölkədə dərman vasitələri bazarının tənzimlənməsi ilə bağlı görüş keçirilib

  • By admin
  • 12 Dekabr 2016 19:39

51a32435-b090-4d31-84c0-774a98bea648_292

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində dekabrın 12-də Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilib.

“Report”un Tarif Şurasının saytına istinadən verdiyi məlumata görə, görüşdə “AmCham” tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanıb, eyni zamanda bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının və baş verə biləcək neqativ halların qarşısının alınmasına imkan yaratdığı qeyd olunub.

Həmçinin, məlumat verilib ki, quruma üzv olan şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra dərman vasitələri istehsalçıları da təmsil olunur və bu sahədə mövcud vəziyyət, tətbiq olunan yeniliklər periodik görüşlər zamanı müzakirə edilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı “AmCham” nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

 

Gununsesi.info