Tehran Ankara kimi mövqe sərgiləsəydi, İrəvan çoxdan işğalçılıq siyasətinə son qoymuşdu - Deputat

  • By admin
  • 19 Dekabr 2016 15:09
fazail
 
 
Bu gün Ermənistanın ayaqüstə durub mövcudluğunu qorumasında və işğalçılıq siyasətini davam etdirməsində İranın İrəvana verdiyi dəstəyin böyük rolu olub.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, İran Ermənistanın Azərbaycana işğalçılıq siyasətinə ilk gündən dəstək verib və bu dəstək davam etməkdədir.
“Azərbaycan İrandan tamamilə başqa bir mövqe gözləyirdi. Gözləyirdi ki, İran Azərbaycanın yanında olacaq və işğalçıya qarşı sərt mövqe sərgiləyəcək. Necə ki, Fələstinlə bağlı məsələdə mövqe sərgiləyir. Ancaq  biz bunun əksinin şahidi oluruq.  Biz rəsmi Tehranın ancaq  bəyanatlarda Ermənistanın işğalçı siyasətinə qarşı çıxdığını və Azərbaycana dəstək verdiklərinin şahidi oluruq, əməli hərəkətdə yox. Bu,  bir daha İranın Azərbaycan qarşı münasibətlərində səmimi olmadığının göstəricisi olduğunu ortaya qoyur”- deyə, F.Ağamalı vurğulayıb.
 
F.Ağamalı əlavə edib ki,  Həsən Ruhani İranın prezidenti seçildikdən sonra Tehranla Bakı arasında münasibətlərdə bir ilıqlıq yaranıb və  iki ölkə arasında ciddi sənədlər imzalanıb.
“Həsən Ruhaninin prezident seçilməsi bizdə bir nikbinlik yaradırdı ki, ən nəhayət, İran Ermənistanla bağlı siyasətində korrektələr edəcək. Tehran İrəvanın işğalçılıq siyasətinə qarşı çıxacaq. Təəssüflər olsun ki, Ruhani dönəmində də bunun şahidi olmadıq”- deyə, o, bildirib.
Ruhaninin İrəvana səfərinə gəlincə isə, o, deyib ki,  bu səfər əvvəlcədən planlaşdırılan səfər idi və guya bunun Azərbaycanın son dövrlərdə atmış olduğu addımlarla, xüsusən də, “bu, İsrailin Baş nazirinin Azərbaycana səfərinə cavab reaksiyasıdır” kimi səslənən fikirlərlə heç bir  əlaqəsi yoxdur:
“İran prezidentinin İrəvana səfəri Tehranın  Ermənistanla bağlı siyasətində  bir ardıcıllığın göstəricinin olduğunu göstərdi. İranın bəzi dini alimləri və ideoloqları Azərbaycanı İsraillə dost münasibət sərgiləməkdə ittiham edir və bunu da İsrailin Fələstin torpaqlarını işğal etməsi ilə izah edir. Onların bu yanaşması kökündən yanlışdır. Çünki Azərbaycan Fələstinin müstəqilliyini tanıyır və Fələstinlə sıx dostluq əlaqələrinə malikdir. Azərbaycan Fələstin həqiqətlərini beynəlxalq aləmdə də dəstəkləyib və onun səsinə səs verib. O baxımdan da, bu məsələ ilə əlaqədar olaraq Azərbaycanı İsraillə əməkdaşlıq etməkdə suçlamaq absurddur”.
F.Ağmalı deyib ki, Azərbaycanın İsraillə əməkdaşlığı heç bir halda İrana qarşı yönəlməyib:
“Çünki Azərbaycan hələ vaxtında ABŞ  müttəfiqləri ilə birgə İranı küncə sıxanda  Tehrana qarşı çıxmadı. Azərbaycan prezidenti dəfələrlə bəyan etdi ki, hər hansı bir ölkəni öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyəcək. Bu gün də Azərbaycan həmin mövqedə dayanır”.
Millət vəkili bildirib ki, İsrail-Azərbaycan əlaqələri  ölkəmizin müdafiə gücünün artırılmasına, milli təhəlükəsizliyinin etibarlı təminatına və  hərbi- sənaye kompleksinin inkişafına xidmət edən əməkdaşlıqdır:
“Ona görə də İsrail-Azərbaycan əlaqələrinin yaxınlığı İranda heç bir qıcıq doğurmamalıdır. Bu əməkdaşlıq İranın maraqlarına  zidd bir əməkdaşlıq deyil”.
 
F.Ağamalı deyib ki, H. Ruhaninin İrəvana səfəri Azərbaycanda diqqətlə izlənəcək.
“Bir daha deyirəm ki, əgər Tehran Azərbaycanla münasibətlərində səmimilik nümayiş etdirmək istəyirsə,  o zaman Türkiyə kimi Ermənistana qarşı mövqe sərgiləməlidir. Əgər  belə olsaydı, Ermənistan öz işğalçılıq siyasətinə son qoymuşdu və torpaqlar işğaldan azad olmuşdu. Çox təəssüf ki, biz İrandan bu mövqenin sərgiləməsinin şahidi olmuruq”- deyə, millət vəkili vurğulayıb.
 
Gununsesi.info