TQDK-nın xidmətləri müraciət sayına görə liderdir

  • By admin
  • 13 İyun 2016 10:38

TQDK

 

Ölkəmizdə əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir. May ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələrin statistik göstəriciləri açıqlanıb. Bu haqda Gununsesi.info-ya “Elektron hökumət” portalından məlumat verilib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi xidmətlərə 691 min 299, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 607 min 587, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 461 min 296, Dövlət Gömrük Komitəsi (DGK) 48 min 821 və elektron arayışlara 14 min 167 dəfə müraciət edilib. Portaldan bildirilib ki, qəbul imtahanlarına start verildiyi bir vaxtda TQDK-nın xidmətləri müraciət sayına görə liderdir və təkcə may ayı ərzində qurumun təqdim etdiyi “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” elektron xidmətinə 337 min 405 dəfə müraciət olunub. ƏƏSMN-in təqdim etdiyi xidmətlər sosialyönümlü xidmətlər olduğu üçün vətəndaşlar arasında aktualdır.

Qeyd edək ki, may ayı ərzində “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətinə 220 min 665 dəfə müraciət olunub. RYTN-in təqdim etdiyi elektron xidmətlərdən olan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətinə may ayı ərzində 231 min 576 dəfə müraciət edilib. Bu xidmət vasitəsilə vətəndaşlar zəng edəcəkləri nömrənin başqa bir mobil operator şəbəkəsinə daşınıb-daşınmaması barədə məlumat əldə edə bilirlər. DGK-nın təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə isə 36 min 824 dəfə müraciət olunub. Artıq 2 ildir ki, portal üzərindən təqdim edilən elektron arayışlar fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək quruma ötürməyə icazə verir. Qeyd edək ki, təkcə may ayında “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlara 14 min 167 dəfə müraciət olunub.

 

Gülnaz Qənbərli