Trampın müşaviri Ermənistanda keçiriləcək konfransa gəlməkdən imtina etdi

  • By admin
  • 28 Sentyabr 2019 16:55

ABŞ prezidenti Donald Trampın vəkili və Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani gələcək həftə Ermənistanda keçiriləcək “Avrasiya qitəsinin tranzit potenisalı” adlı konfransa gəlməkdən imtina edib.

Qeyd olunur ki, həmin tədbirdə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin də iştirak edəcəyi gözlənilir.

Gununsesi.org xəbər verir ki, Rudolf Culiani “The Washington Post” qəzeti ilə söhbətdə xəbəri təsdiqləyərək, əvvəlcə iştirak üçün razılıq verdiyini, lakin daha sonra vaz keçdiyini söyləyib.

“Mən Vladimir Putinin oraya gedəcəyini bilmirdim”,-deyə keçmiş mer qərarını belə əsaslandırıb.

Lakin qəzetin yazısında Donald Trampın vəkilinin həmin konfransa getməsi məsələsinin əvvəldən milli təhlükəsizlik sahəsində çalışan ekspertləri təəccübləndirdiyi, hətta hiddətləndirdiyi, bunun geniş dairələrdə müzakirə olunduğu göstərilib. Özü də Rudolf Culianinin son günlərdə Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq göstərməsi barədə çıxan xəbərlərdən sonra Putinin olduğu bir tədbirə təşrif buyurması alovun üstünə benzin tökmək effektini verə bilərmiş.
Konfransın gündəliyinə ABŞ prezidentinin yaxın adamının forumda iştirak edəcək yeganə amerikalı olfuğu qeyd edilib.

Həm Ağ Ev, həm də Dövlət Departamenti situasiyanı şərh etməkdən boyun qaçırıb.

 

 

Gununsesi.org