Trampın yeni immiqrasiya sərəncamı və onun təsirləri

  • By admin
  • 25 İyun 2020 09:59

ABŞ Prezident Donald Tramp Meksika ilə sərhəd divarını yoxlamaq və immiqrasiya sahəsində uğurlarını vurğulamaq üçün nitq söyləmək məqsədilə Arizona ştatının cənub-qərbinə səfər edib. Bu həftə Tramp administrasiyası əcnəbilər üçün müəyyən müvəqqəti iş vizalarının dayandıraraq, bununla pandemiyanın iqtisadi təsirinin yüngülləşdirəcəyini bildirib.

Prezident Donald Tramp onun rəhbərliyi altında Arizona ştatının Yuma Mahalında 322 kilometr cənub-qərb sərhədi boyunca inşa edilən divarın bir hissəsi ilə tanış olub və xatirə imzası atıb.

“Bu, dünyanın ən güclü və hərtərəfli sərhəd divar quruluşudur. Burada heç kimin inanmayacağı texnoloji imkanlar – sensorlar, kameralar və bütün başqa şeylər var” – deyə, Prezident Donald Tramp qeyd edib.

Administrasiya bu ilin sonuna qədər 725 kilometr yol çəkməyi hədəfləyir. Gömrük və Sərhəd Patrul xidmətinin məlumatına görə, inşa edilən divarın böyük hissəsi mövcud maneə sistemlərini əvəz edib.

Bununla yanaşı, bu həftənin əvvəlində Tramp ilin sonuna qədər texnologiya sektoru kimi ixtisaslaşmış sahələrdə olanlar üçün H-1B vizaları da daxil olmaqla müəyyən iş vizalarını dayandıran sərəncam imzalayıb. Administrasiya sərəncamın pandemiya zamanı iş axtaran amerikalılara kömək edəcəyini deyib. Lakin hər il minlərlə yüksək ixtisaslı əcnəbi mütəxəssislər gətirməli olan texnologiya şirkətləri, o cümlədən Amazon və Google bu qərarı qınayıb.

“Bu bacarıqların bəzisini artıq buradakı işçilər tərəfindən asanlıqla əvəz oluna bilməyəcək. Fikrimcə, belə bir fikir formalaşıb ki, bir texnologiya işçisi başqa bir texnoloji işçi kimdir. Amma süni intellekt kimi önəmli qabaqcıl texnologiyalarda bir çox xüsusi bacarıqlar var. Sadəcə qəzetdə elan verib, bu işi edə biləcək 20 nəfərin qapınıza gəlməsini gözləyə bilməzsiniz” – deyə, təhlilçi Ceyms Petokoukis vurğulayıb.

Bu qərar ən çox yüz minlərlə xarici işçiyə, o cümlədən qeyri kənd təsərrüfatı sektoruna aid olmayan mövsümi işçilər üçün nəzərdə tutulan H-2B vizalarına və hazırda vizasız Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda olan bir sıra digər şəxslərə aiddir.

“J vizalarına dayələr, xarici mübadilə proqramının tələbələri, dəvət olunmuş alimlər və tədqiqatçılar, hətta əcnəbi həkimlər də daxildir. Həmçinin müəssisə rəhbərləri, menecerlər və ixtisas biliyi olan insanlar üçün şirkətlərarası transfer viza sayılan L vizaları da qərara daxil edilib” – deyə, immiqrasiya vəkili Həsən Əhməd məsələyə münasibət bildirib.

Həftə sonu Trampın Oklahoma ştatının Tulsa bölgəsindəki pandemiyadan bəri ilk görüşü gözləniləndən daha aşağı fəallıqla müşayiət olunub. Sərhəd səfəri ilə prezident əsas kampaniya vədi olan immiqrasiya mövzusunda sərt mövqeyinə diqqəti yönəldərək elektoratını aktivləşdirməyə çalışıb.

“Belə görünür, bu, immiqrasiyanın Amerika üçün pis olduğuna dair daha geniş bir iqtisadi fəlsəfənin və siyasi bir fəlsəfənin bir parçasıdır. Bu mənada respublikaçı siyasətçilər, o cümlədən prezident düşünür ki, onların seçici bazası bunu istəyir və onlar da bunu seçicilərinə verməyə çalışır” – deyə, təhlilçi Ceyms Petokoukis fikrini bölüşüb.

Prezident Arizonaya səfərini “Tələbələr Tramp üçün” tədbirində təşviqat xaraketerli nitqi ilə başa vurub.

“Radikal solçular tariximizə nifrət edirlər. Onlar bizim dəyərlərimizə nifrət edir və amerikalılar kimi dəyərləndirdiyimiz hər şeyə nifrət edirlər. Və biz haqlıyıq. Çünki ölkəmiz onlarla qüdrətli olmayıb. Ölkəmiz sizinlə, sizin düşüncə tərziniz və ideologiyanızla inkişaf edib” – Tramp deyib.

Arizona ənənəvi olaraq prezidentliyə Respublikaçı namizədlər üçün qələbəni təmin edə bilən bir ştat hesab edilsə də, indi noyabr seçkilərinin nəticələrinin gözlənilməz olduğu bir mübarizə meydanına çevrilib.