Tropik Elza fırtınası ABŞ-ın şimal-şərqinə doğru irəliləyir

  • By admin
  • 08 İyul 2021 21:06

ABŞ-ın Milli Hava Xidməti cümə axşamı tropik Elza fırtınasının ölkənin cənub-şərqindən şimal-şərqə doğru irəlilədiyini bildirib. Fırtına şiddətli yağışlarla müşayiət olunduğu üçün daşqın təhlükəsi yaradır.

Milli Qasırğa Mərkəzinin verdiyi son məlumatda Elzanın mərkəzinin Cənubi Karolinanın şimalında, Floransa şəhərindən 75 kilometr qərbdə olduğu və saatda təxminən 30 kilometr sürətlə şimal-şərqə doğru hərəkət etdiyi bildirilib.

Fırtınanın hələ də saatda 65 km sürətə malik külək və bəzi təcrid olunmuş ərazilərdə 20 sm-ə qədər yağışa səbəb ola bilmə ehtimalı qalmaqdadır.

Hazırda tropik fırtına xəbərdarlığı Cənubi Karolinadan Nyu-Cersiyə qədər olan ərazilər üçün qüvvədədir. Bu ərazilərdə yaxın 24-36 saat ərzində güclü külək və yağışlar da daxil olmaqla tropik fırtına vəziyyəti yarana bilər. Fırtına həmçinin ərazilərdə hərəkət edən qasırğalara da səbəb ola bilər.

Milli Hava Xidməti bildirir ki, Elza Virciniya ştatının sahil ərazilərinə doğru irəlilədiyi üçün Atlantik Okeanı üzərindən keçə bilər. Bu ərazilərdə fırtınanın gücü arta bilər.

Elza çərşənbə günü Meksika Körfəzindən Florida ştatının şimal-qərbinə, sahil ərazilərinə doğru hərəkət edərkən qasırğa gücünə çatıb. Rəsmilər fırtınanın keçdiyi bölgələrdə təxminən 26 min insanın elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu xəbər verir. Fırtına kiçik miqdarda maddi ziyana səbəb olsa da heç kəs ciddi yaralanmayıb.

Keçən həftənin sonunda Kuba ərazisinə çatan fırtına ölkənin cənub-mərkəzi sahillərinə güclü yağışlar və fırtına dalğaları gətirib. Kuba rəsmiləri 180 min insanı daşqın təhlükəsi səbəbindən evakuasiya etdiklərini bildirir.

Gununsesi.info