Tuncer Salman: ““Oscar” almaq istəmirəm” - EKSKLÜZİV

  • By admin
  • 12 Avqust 2016 13:23

tunar

 

“Ol” filminin çəkilişlərində iştirak üçün Türkiyəli aktyor Tuncer Salmanın Bakıya gəldiyini xəbər etmişdik.

Gununsesi.info olaraq bu fürsəti əldən verməyib biz də aktyorla söhbətə yollandıq. Tuncer Salman söhbət zamanı Namiq Ağayevlə dost olduğunu və vaxtilə “Ol” adlı teatrı da yaratdıqlarından bəhs etdi.

Istərdik söhbətə elə Namiq Ağayevlə olan tanışlığınızdan başlayasınız. Dostluq necə və harda yarandı?

-O zamanlar Namiq, Antalya Dövlət Teatrında çıxış edirdi. Tanışlıq ordan başladı. Daha sonra 1994-cü ildə  “Ol” teatrı yaratdıq. Namiqin dediyi şeirlərdən bir səhnə qurduq. Sonra Moskvaya getdik orda çıxış etdik daha sonra Türkiyənin bir neçə yerlərində çıxışlarımız oldu. Belə bir ssenari əsasında dostlaşdıq.

Teatr çox çətin sahədir. O gücü özünüzdə hardan tapdınız? Necə oldu qərara gəldiniz ki, ikiniz  teatr yaratmalısınız?

-O da teatrda aktyor idi mən də. Bizi birləşdirən sənət idi,  bir də “var olmaq”. “Ol” sözünü də boşuna qoymadıq yəni ”var ol”, “yaşa” mənalarını verir. İstədik ki, bu davam etsin. Gücümüz yetdiyi qədər bunun ömrünü uzadaq, biz də nəsə bir söz deyə bilək.

Sizin teatr digərlərindən nə ilə fərqlənirdi?

-Bizim teatrda aktyorluq yox idi. Obrazı yaradarkən ölüm riskini belə gözə alıb oynayırdıq. Rolda elə bir hərəkətlər edirdim ki, bu ölüm riskli idi. Bütün enerjimizi ortaya qoyurduq , səhnədən bitmədən getmək yox idi. Biz atomun bir parçasıyıq. Teatrın tarixi qədimdir. Uzun illər öncə yaranıb bu gün bizim tərəfimizdən davam etdirilir. 5000 il bundan əvvəl yaranan bir şeyi indi heç kim dayandıra bilməz sadəcə hər kəs anladığı dildə onu davam etdirir. Biz olmasaydıq bir başqası buna bənzər bir şey yaradacaqdı. Rollarımızı zirvədə hesab edirdik. Amma sonra aradan zaman keçdi mən televiziya işlərinə qoşuldum. Kinolarda çəkilməyə başladım. Vaxt bizi bir-birimizdən ayırdı. Amma yenə də dostuq məsələn film çəkirdi, dəvət etdi mən də  gəldim.

Davam etdirməyi düşünmürsüz?

-Xeyr. Teatr deyil amma film ola bilər.

Niyə teatrdan qaçırsınız?

-Dəqiq sahədir mənim buna gücüm yoxdu. Məsələn: əgər bu gün film çəkilişləri varsa sən gec gələ bilərsən, hansısa işlərini görə bilərsən,  bu filmə təsir etməyəcək. Amma teatrı o saat, o dəqiqə oynamalısan halından, vəziyyətindən asılı olmayaraq. İzləyici müəyyən saatda teatra gələnə qədər sən evdə oturub o saatı gözləyirsən. Çox dəqiqlik tələb edir bu səbəbdən özümdə o gücü görmürəm.

Azərbaycanda hansısa tamaşanı izləmisiniz?

-1999-2000-ci illərdə gələndə izləmişdim.  Tamaşanı xatırlamasam da o zaman bəyənmişdim. Öz dillərinə oyunlarına görə maraqlı idi.

Bu gün gənc nəsildən kimsə sizin vaxtilə qoyduğunuz teatrı davam etdirirmi?

-Türkiyədə aktyor deyiləndə ağıla serial və bədii film aktyorları gəlir. Teatrı düşünən yoxdu düzdü məşqlərə gedirlər amma aktyorluq edə biləcək insan azdır. Gəliri aşağıdı buna görə də teatrda işləyərək yaşamaq çətindir.

Azərbaycanla bərabər görünür qardaş ölkədə də bu problem mövcuddur.

-Bəli. İndiki insanları evdəki televizor qane edir. Açırlar və orda hər şey gedir bu onlara bəs edir. Bir gün orda verilənlərdən insanlar bezib özlərinə qayıdacaqlar. O zaman teatr dəyərli olacaq. İndi heç kəs düşünmək istəmir hamı diskoya, əyləncə mərkəzlərinə gedir.

Gəlməmişdən öncə ssenaridən xəbəriniz var idi?

-Bir az xəbər tutmuşdum. Bilirdim ki, film uğursuzluğa düçar olan rejissordan bəhs edir. Namiq film çəkməyi arzu edirdi indi çəkir mən də dostumdur deyə ona dəstək olmağa gəldim.

 

tunar1

 

Türkiyədəki planlarınız nədir?

-Hal-hazırda filmə çəkilirəm. Seriallar vaxtımızı çox alır deyə filmlərdə çəkilə bilmirik.

 Türkiyə çəkdiyi serialların sayına görə rekord həddə çatıb. Bu nə ilə bağlıdır?

-Hamı pul qazanır. Türkiyə kinematoqrafiyası  reklamlardan  böyük gəlir əldə edir. İnsanları televizor qarşısında tutmağın yeganə yolu serialdır. Hər kəs görür ki, normal bir serial çəkildiyində kifayət qədər böyük pul gəlir.  Bizim xaricə satışımız böyükdür. Sadəcə mənim çəkildiyim “Kördüyüm” serialı 78 ölkəyə satılıb. Hamısı əcnəbi ölkərə satılır öna görə də çəkilən serialların sayı artıb.

Serialların sayının artması aktyorluq sənətini ucuzlaşdıra bilərmi?

-Artıq bu sənət ucuzlaşıb. Hər kəs öz taleyini yaşayır, hamı özünü düşünür. Kimsə aktyorluqla iflasa uğrayır kimisisə varlanır, biri pis oynayır o biri yaxşı. Hər nə yolla olur olsun yaşamaq üçün o da nəsə tapır.

Bu sənətin əksər üzvlərindən belə bir cümlə eşitmişəm? “Aktyorluq olmasa yaşaya bilmərəm”. Bəs sizdə necə onsuz mümkündürmü?

-(Gülür). Mən elə düşünmürəm. Aktyorluğun ömrü qısadır. Teatrda və ya filmdə gedib aktyorluq edirsən, obraz bitdisə onu orda qoyub gəlirsən. Onunla yaşamaq mənim üçün gülməli gəlir. Bu sənətəiş kimi baxıram məni çox da həyəcanlandırmır. Bu sahədə böyük xəyallarım yoxdur.

Yəni belə çıxır ki, Oscar almaq arzunuz yoxdur?

-Xeyr. Elə bir istəyim yoxdur. Aktyorluq olmasa gedib başqa bir işlə məşğul olardım. Məncə həyat daha gözəldir. Həyatda filmdən, musiqidən, rəsmdən də  gözəl şeylər var. Yaşamaq lazımdır.

Sevinc Xeyrulla