
Azərbaycanda fəaliyyət göstərən 2665 türk şirkəti 25 mindən çox insana iş imkanı yaradıb.
Gununsesi.info xəbər verir ki, bu fiki Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərtac-a müsahibəsində deyib.
Onun sözlərinə görə, podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib:
“Neftin qiymətinin aşağı düşməsi nəticəsində 2015-ci ildə ticarət dövriyyəmizin həcmi müəyyən qədər azalsa da, hesab edirəm ki, bu, müvəqqəti haldır. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Bununla yanaşı, strateji əməkdaşlığımıza xidmət edən qarşılıqlı investisiyaların müsbət nəticələr verdiyini görürük. Bir neçə konkret fakt göstərmək istərdim. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. Əsasən telekommunikasiya, bank-sığorta, nəqliyyat, tekstil, mebel, inşaat materialları sahələrində fəaliyyət göstərən 2665 şirkətimiz 25 mindən çox insana iş imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Azərbaycanın Türkiyədəki sərmayələri isə 4 milyard dolları ötüb. İzmirdə inşası davam edən “Star” neft emalı zavoduna 5,5 milyard dollar investisiya qoymağı planlaşdıran SOCAR-ın enerji və infrastruktur investisiyalarının ümumi məbləğinin 17-20 milyard dollara çatması gözlənilir”.
Diplomat əlavə edib ki, qarşıdakı dövrdə isə qlobal reallıqları nəzərə alaraq, Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq.
Gununsesi.info









