
Türkiyə və Qətər strateji tərəfdaşlıq alyansına uyğun olaraq ərəb ölkələrinin Dohaya qarşı blokadası fonunda birgə hərbi təlimlər keçirir.
Gununsesi.info Qətərin “Al-Şarq”rəsmi qəzetinə istinadən xəbər verir ki, hərbi təlimlər zamanı həyata keçirilən manevrlər Qətərin Silahlı Qüvvələrinin ölkənin iqtisadi, strateji və infrastruktur baxımından həyatı əhəmiyyət daşıyan obyektlərinin daha etibarlı formada müdafiəsinin təmin olunmasına xidmət edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Misir Qətərlə diplomatik əlaqələri kəsərək, Dohanı terrorizmi dəstəkləməkdə ittiham ediblər. Doha isə onun ünvanına səslənən bu iddiaları rədd edir. 4 ərəb ölkəsinin Qətərlə münasibətlərinin normallaşdırılması ilə bağlı Dohaya qarşı sürdüyü tələblərdən biri də bu ölkədə yerləşən Türkiyənin hərbi bazasının çıxarılması olub. Belə bir böhranlı vəziyyətdə Ankara Dohanı müdafiə etmiş və təcili olaraq hərbi əməkdaşlıq sahədə sazişi ratifikasiya edib, həmçinin oradakı hərbçilərin və hərbi texnikasının sayının artırılması barədə qərar verib.


Mürtəza
Gununsesi.info












