Türkiyədə vəziyyət ağırlaşıb - LİRƏ SÜRƏTLƏ UCUZLAŞIR

  • By admin
  • 02 İyun 2023 13:11
Türkiyə prezidentliyinə keçirilən seçkinin ardınca bu ölkənin milli valyutası sürətlə dəyər itirməkdə davam edir.
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu Gununsesi.info-ya açıqlamasında Türkiyəni yaxın gələcəkdə gözləyən iqtisadi çətinliklərdən danışıb.
“Türkiyədə lirəyə təzyiqlər davam edir. Xarici valyuta qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq vardır. Bu arada valyuta dəyişmə məntəqələri yaranmış vəziyyətdən yaxşı qazanırlar.
Banklarda xarici valyuta ilə depozitlərin faizlərini inanılmaz dərəcədə yüksəldən, valyuta rezervlərinə görə 21 il geridəki duruma düşən Türkiye Cumhuriyet Merkez Bankası (TCMB) yenidən valyuta yığımına başlasa da buna hələ nail ola bilmir, çünki, qeyri-müəyyənlik səbəbindən gözləmə mövqeyində olanlar TCMB-da yeni qərarlar gözləyirlər. Bu səbəbdən də TCMB lirənin məzənnəsinin kəskin ucuzlaşmasına imkan vermir. Hazırda TCMB məzənnəsi ilə 20,4 lirə 1 dollardır. Əslində isə real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və hazırda bu fərq 10-15 faiz arasında dəyişir.
Valyuta ilə depozitlərin “dövizdən dönən kur korumalı” yanaşması ilə 3, 6, 9 və 12 ay müddətdə cəlb edilməsinə çalışan TCMB qısa müddətli dövrdə valyuta ehtiyaclarını ödəməyə çalışsa da orta və uzun vədəli dövrdə bu banklar üçün böyük problemlər yaradacaq”.
Afət Abbasova
Gununsesi.info