Ukraynada saxlanılan mühacir jurnalist sərbəst buraxıldı - FİKRƏT HÜSEYNLİ NİDERLANDDADIR

  • Müəllif: admin
  • 18 Aprel 2018 10:05

Jurnalist Fikrət Hüseynli aprelin 17-də Ukrayna ərazisini tərk edib. O, hazırda Avropadadır, vətəndaşı olduğu Niderlanda yola düşüb.

F.Hüseynlinin vəkili Dmytro Mazurok Turan-a bildirib ki, artıq Kiyev Vilayət Prokurorluğu məhkəmənin qərarını yerinə yetirərək Hüseynlinin pasportunu qaytarıb.

“Ancaq aprelin 190-da məhkəmə jurnalistin Ukrayna ərazisini tərk etməməklə bağlı götürdüyü öhdəliyin aradan qaldırılmasına baxacaq”, deyə vəkil qeyd edib.

Fikrət Hüseynli Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. O, təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Jurnalist 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Fikrət Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu Fikrət Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.