“Hisslərimi sata bilmərəm…” - TÜNZALƏ RAFİQQIZI - FOTOLAR

  • By admin
  • 29 Sentyabr 2016 11:47

 tun

Müsahibim At ilinin  tərəzi bürcündə doğulub. BDU-nun jurnalistika fakultəsini bitirib.Jurnalistlik fəaliyyətinə 1995-ci ildən tələbəykən başlayıb.Müxtəlif media sturukturlarında çalışıb.Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib.İkinci dərəcəli dövlət qulluqçusudur.ATV və ANS kanalında aparıcı-jurnalist vəzifələrində çalışıb.  Peşəsini sevir.Harada işləməsindən asılı olmayaraq, peşəkarlığı sayəsində irəliləyir.Öz üzərində daim çalışır. Onun kimi insanlara baxanda daim irəli getməyə həvəslənirsən…

 O, mətbuata gəldiyi gündən tanınmışların sırasına keçib. Çox  şən,  cazibədar, dostluqda sadiq və sədaqətlidir. O pulla ağıllı davranır, qənaətcildir, gözəl evdar qadındır. Onun ağlı insanları öz fikirlərini deməmişdən çox-çox qabaq valeh edir, bu da onun insanlarla davranışına  üstünlük gətirir. Müdrikdir, istedadlıdır, hər şeyi öz əlləri ilə etməyi sevir.  Sevgisinə görə hər şeyi kənara atıb, ətrafdakılara fikir veməyə də bilər.Gündəlik işlər onun üçün maraqsızdır. Sevdiyi şeylər təbiət mənzərələri, teatr, opera, konsertlər, toplantılar, çoxlu adam olan yerlərdir.  Amma bütün bunlara baxmayaraq, təkliyə çəkiləndə özü öz dərdlərinə göz yaşı tökür.  Az sonra gözünün yaşını əlinin dalıyla silib, bütün ailəsinin yükünü , dərdini yüngülləşdirmək üçün zərif çiyinlərini irəli verir…

Bu gün onun doğum günüdür.Yağışlı, qəm-qüssəli, havasından zəhrimar tökülən sentyabrın 29-da dünyaya göz açıb.Nə yaxşı ki, belə güclü qadın aramızdadır. Söhbət tanınmış tele-aparıcı, güclü jurnalist, soyadı  Zeynalova olsa da, hamının  Tünzalə Rafiqqızı kimi tanıdığı həmkarımızdan gedir…. Onunla bir payız axşamında iki həmkar baş-başa verib, ömür kitabını vərəqlədik. Vərəqlədik ki, siz də tanış olasınız…

Beləliklə, Tünzalə Rafiqqızı  gununsesi.info-nun suallarını cavablandırıb.

  • Tərəzi bürcündənəm. Bəlkə də ona görədir ki, qərar verəndə çox çətinlik çəkirəm. Hətta bəzən  o qədər fikirləşirəm ki,  bu fikirləşmənin özü belə ziyan verir. Bəzən isə əksinə… elə tez qərarlar verirəm ki…
  • Tünzalə xanım, bəs düşünmürsünüz ki, atalar demiş “yüz ağıllı fikirləşincə, bir dəli vurub çayı keçər”? 
  • Doğrudur, bəzən elə o dəli kimi vurub çayı keçirəm, ayaqlarım da suya batır. Hətta xirtdəyimədək gəlib çatdığı anlar da olub. Mən uşaqlıqdan, yaranışdan beləyəm. Bəzi müğənnilərimizin tamaşaçı qarşısında yazıq görkəm alıb “uşaqlığım çoxxxx çətin keçib” deməsi kimi deməzdim. Ziyalı ailəsində doğulmuşam.  Atam dil-ədəbiyyat müəllimi, anam isə iqtisadçıydı.  Babam  Seyid Mohsüm Ağa zamanında Qarabağda elmə, savada  önəm verən, ən çox tanınan şəxslərdən biri olub. Uşaqlığım SSRİ-nin süqutu dövrünə, yeniyetməliyim Qarabağda erməni işğalçılarına qarşı qızğın döyüşlər gedən ərəfəyə düşüb. Dərslərimi yaxşı oxusam da,  yaman dəcəliydim, necə deyərlər Allahın balası olduğum qədər, həm də bəlasıydım… (gülür). 15 yaşımadək ayağımın baş barmağında dırnağımın  sədəfi belə  olmazdı.  O qədər o yan-bu yana qaçardım ki… Amma buna baxmayaraq, valideynlərimizə hər işdə kömək edərdik. Yan-yörəmizdə qonşu uşaqları rahat yatanda  biz “parnik”də tərəvəz yetişdirən valideynlərimizə kömək edərdik.  Balaca, arıq qızıydım. Qışda özümdən böyük kömür vedrəsini daşıya bilməyəndə vedrə yerdə  cığır açardı.   Gücümün çatmadığı o ağır vedrələri daşıya bilməyəndə mənə yalnız bir fikir təsəlli olurdu; böyüyüb Bakıya gedəcəm, ali təhsil alacam, məşhur adam olacam  və bu  ağır işləri görməkdən ailəmi qurtarıb,  özüm də qurtulacam. Kənddə yaşayan, belə ağır şəraitdə tərəvəz və ya pambıq tarlasında  çalışan uşaqların əksəriyyəti gecələr, məhz, bu cür arzularla yatıb, səhəri onunla açardılar.   12-13 yaşım vardı,  tarlada pambığın becərilməsindəki bütün ağır proseslərdən keçərdim. Belimizi dikəldə bilmirdik. Pambığın qərzəklərindən çəlimsiz barmaqlarımız yara olardı. Evə gələndə dırnaqlarımızın altındakı qaraları təmizləmək üçün çox vaxt xlor məhlulundan istifadə edərdilər. Yadımdadır, universitetə qəbul olunduqdan sonra Bakiya gələcəkdim, dayım arvadı əllərimi xlorlu isti suya saldı ki, ağarsın… Amma mənim yeniyetməliyim sovet dövründən qalma uşaq əməyinin istismarının kuliminasiyasıydı.  Postsovet dönəmindən sonra pambığı sata bilmirdilər deyə, bu sahə çökürdü. Bundan isə ən çox biz uşaqlar sevinirdik.   Bütün bunlar kənd təsərrüfatına qarşı uşaqlarda nifrət hissi oyatmışdı. Hamı kimi mən də xilas yolunu Bakıya gedib təhsil almaqda görürdüm. Biz şəhər uşaqlarından fərqli olaraq, bəlkə bu səbəblərdən nicatımızı kitaba sarılmaqda görərdik. Həqiqətən də,  biz kənd uşaqları repetitorsuz  hazırlaşsaq da, daha yüksək bal toplayırdıq. İndi isə kənd inkişaf edib, şəhərlə, şəhərliylə aradakı fərqlər azalıb.  Ali məktəbə hazırlaşırdım. Anam isə deyirdi ki,  pambığı becərmək lazımdır, köməyimiz yoxdur. O günün acısından, qəhrindən danışmaq istəmirəm…

İndiyədək o acı günə nifrət edirəm…” 

  • Müharibə illərinin acısıdır?
  • Bəli. Qarabağ müharibəsi dövründə əmim şəhid olmuşdu. 48-gün şəhid cənazəsini gözləyən bir ailədə böyümüşəm mən. İndiyədək o acı günə nifrət edirəm. Nənəm əlini göyə qaldırmışdı ki, balamın cənazəsi gəlsin, o gün qurban kəsəcəm. Müharibədə o qədər itkin düşən qohumlarım var ki, hələ də gözümüz yoldadır. Evimiz yurdundan-yuvasından qaçqın düşən insanların pənah yeriydi.  Müharibə dövründən qalma acı xatirələrim var.  Gecələr lampa işığında əsgərlər üçün corab, əlcək toxuyardıq. Sonra da içinə  onu geyəcək əsgərə yazdığımız məktubu qoyar, bundan qürür duyardıq. Bir dəfə atamla bazara getmişdik. Yerdən oturub qarşısına satmaq üçün toxunmalar tökən qırmızı yanaqlı kök qadının satmaq üçün təriflədiyi corabı görəndə şok yaşadım. Atamın əlindən güllə  kimi qopub,  qırmızı yanaqlı qadına tərəf şığıdım. Atam özünü yetirdi. Nə edirsən, dedi. Göz yaşlarım içində dedim ki, əsgərlər üçün toxuduğum corabları bu qadın satır. Hay düşdü, qırmızı yanaqlı toppuş qadın isə bizi tanımasa da müdafiə vəziyyəti almışdı. Məni sakitləşdirə bilmirdilər ki, corab coraba oxşayar də… Dedim yox, yox!Mənim hördüyüm corabım fərqlidir. İçində əsgərə yazdığım məktub var. Yoxladılar, əslində, belə etmək istədilər ki, mənim kimi ipə-sapa yatmayan bir uşağı sakitləşdirsənlər. Lakin deyilən corabın içində  imzamla yazılan məktub çıxanda hamı ilan vurmuş kimi qırmızıyanaq qadının üzünə nifrətlə baxdı.  Baxışların altında qətiyyən əzilməyən qadın isə həmin an əlində iki gülləsi olsaydı, ikisini də mənim başıma çaxardı.  Corabı elə basmışdım ki, bağrıma…. Heç fələk də gəlsəydi əlimdən ala bilməzdi.  Sonra atam hördüyüm corabları şəxsən aparıb əsgərlərdən birinə vermişdi. Bax beləcə, uşaqlığım müharibə illərinin uzun, iti  caynaqlarına ilişib, haralardasa yox oldu…
  • Gəncliyiniz isə iqtisadi böhranın tüğyan  etdiyi dövrə təsadüf edib…
  • Elədir… pambıq mövsümü idi. Hələ yığıma vardı. Oturub ağladım ki, ali təhsil almaq, oxumaq istəyirəm. Anam dedi ki, əgər pambıq sahəmizdə budamanın bu gün bitirsən, sənədlərini aparıb verəcəyik. Həmin sahənin ərazisi isə 2 hektarıydı. O qədər həyacanla budama aparırdım ki, birdən çatdırmaram, anam məni aparmaz deyə…

“Təlaş içərisindəydim…”

  • İşin öhdəsindən gələ bildiniz?
  • Gəldim yox ee…. cirmaqlaşdım. Son anadək inana bilmirdim ki, tapşırığı yerinə yetirmişəm. Elə anam da heyrətlə mənə baxırdı.  Əllərimin ağrısını indi də xatırlayıram. Əslində, anam təhsil almağımın əlehinə deyildi. Sadəcə, maddi imkan buna yol vermirdi. Atamın da daha sözü qalmamışdı. Getdik sənədlərimi verdim.      Qəbul imtahanını da elə. İmtahanın nəticələrini öyrənmək üçün atam Mingəçevirə getdi. Qayıdanda əli-ayağı oynayırdı sevincdən. Amma mən donub qalmışdım. Heç sevinə də bilmədim. Çünki təlaş içərisindəydim.  Əsas məqam başlayırdı. Mən oxumağa gedirəm, əynimə geyinməyə nə paltarım, nə ayaqqabım vardı. Hələ kirayə ev tapmaq, gündəlik xərclər və sair. Qəbul olunduğum gün qohum-əqrəba hərə əlində bir dəst pal-paltarla gəldi.  Beləcə getdik Bakıya. Hazırda qalmaqalla sökülən, yerlə-yeksan edilən  qədim “Sovetski”nin nimdaş məhəllələrindən birində qoca bir qadının  – Püstə nənənin uçuq-sökük daxmasında bir çarpayılıq yeri onunla bölüşmək şərtiylə kirayə tutduq.  Qoca qadın idi. Həm də bir növ onun baxıcısına çevrilmişdim. Bəlkə də əsil nəvəsi ona mənim kimi qulluq edib, baxmazdı. Çimizdirirdim də Püstə nənəni.  Ev də damırdı. Yağışlı günlərdə ikimizdə üstümüzə müşənbə (klyonka) çəkib yatardıq ki, islanmayaq. Təhsil illərimdə həm də işləyirdim.  İlk dəfə yazdığım informasiyanı Nəsir müəllim mənə düz 40 dəfə yenidən yazdırdı.  SPİD Mərkəzindən yazılan cəmi 600 işarəlik bir informasiyaydı.  Tələbəykən çox populyar qəzetlərdə çalışmışam. Parlament müxbiriydim.
  • Tünzalə xanım, possovet dönəmindən sonra üzümüzə açılan qapılardan görünən dünya sanki ağ-qara çəkilən  filmdən  rəngli  seriala dəyişdi. Jurnalistikadakı ənənəvi yazı üslübları da  buna bənzəyirdi. Tələbəykən junalistika  fakultəsində aldığınız təhsil sizi qane edirdi, ya bu sahədə inkişafı təcrübədə əldə edirdiniz?
  • Yadımdadır, fakultədə ilk dərsimiz dekanımız Akif müəllimin idi. Onda Famil Mehdi,  Cahangir Məmmədli ilə birlikdə auditoriyaya gəldilər. Səhv etmirəmsə, qrupda 32 nəfər idik. Onlar içəri daxil oldular və Famil müəllim dedi ki, bu qrupdan 3 nəfər peşəkar jurnalist çıxsa, sevinək. O vaxt onların bu münasibətini özümüzə qarşı ağır təhqir hesab etmişdik. Necə yəni 32 nəfərin arasında  cəmi 3 nəfəri jurnalist görürlər?  Amma tədris prosesi dövründə görəndə ki, kimlərsə ixtisasını dəyişdi, kimlərsə oxuya bilmədi, kimlərsə universitetdən qovuldu,  onda anladıq ki, haqlıymışlar,  artıq ələnmə başlamışdı.
  • Əyanı təhsillə işləmək çətin deyildi?
  • Əlbəttə, çətin idi. Elə günlər olub ki, səhərədək yuxusuz qalıb oxumuşam.  Bəlkə də gülünc görünər, amma kirayə yaşadığım evdə yorganın altına lampa qoyub “xozyayka”dan gizlin boğula-boğula dərs oxuduğum vaxtlar varıydı.  Püstə xala işıq puluna görə, qoymurdu çox gec yatam.  Amma bax beləcə həm işləyib xərclərimi qazanır, həm də imtahanların öhdəsindən gəlirdim.  Universiteti bitirəndə artıq tanınan jurnalistlər arasındaydım.

“Havalı qız elə o vaxt öldü…”

  • Tələbə vaxtlarınızda çox şən, pozitiv, enerjili, havalı qız idiniz. Nə oldu, hara qeyb oldu o havalı qız? 
  • Havalı qız elə o vaxt öldü…
  • Yadımdadır, Moskva bazarlarında çalışan azərbaycanlılarla bağlı  qəşəng reportaj hazırlamışdınız… 
  • Onda “525-ci qəzet”də çalışırdım. O vaxt Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev idi.   Onunla azərbaycanlı iş adamı Frenk Elkaponi arasında böyük bir mübahisə varıydı. Onların arasındakı bu konflikt mətbuatda geniş müzakirə olunurdu. O vaxt onların hər ikisi belə razılığa gəldilər ki, mən Moskvaya gedib vəziyyəti yerində araşdırım ki, bunların mübahisəsində kimin haqlı olduğu bəlli olsun.   Beləliklə, mən Rusiyanın bir neçə vilayətində oldum. Bir sıra şəxslərlə görüşdüm. Eləcə də, Müslüm Maqomayevin həyat yoldaşı  Tamara xanımla, yazıçı Osman Sarıvəllinin oğlu fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovla  da görüşdüm. 
  • Səfərin xərclərini kim çəkmişdi?
  • Frenk Elkaponi. Eyni zamanda səfirliyimiz də yardımçı olmuşdu.  İstəyirdik ki, kimin haqlı, kimin isə haqsız olduğunu üzə çıxaraq.  Həmin vaxt səfərə çıxmazadan öncə şərt kəsmişdim.  Dedim ki, sizi təbliğ edəcək heç nə yazmayacam. Nə görsəm, onu da qələmə alacam. Belə də etdim. Tərəflərin əyər-əskiyini olduğu kimi verdim.

“Sevərək ailə qurmamışdım”

  • 90-cı illərin mətbuatıyla hazırkı dövrün mətbuatını müqaisə edərkən sizi nə qane etmir?  
  • O dövrlə hazırkı mətbuat heç müqaisəyə belə gəlməz. Çünki 90-cı illərdəki mətbuat yaradıcılığı  hazırda “copy-past”la əvəzlənib. Heç kim əziyyət çəkmək istəmir. O zaman çətinliklə informasiya əldə edib yazırdıq. İndi isə informasiya ortadadır, lakin yazmaq mümkün deyil. 
  • Necə oldu ailə qurdunuz, seçimi özünüz etdiniz?
  • Sevərək ailə qurmamışdım. Bu qədər söz azadlığı, demokratiyanı, sərbəstliyi sevən mənim kimi biri gözüyumulu ailə qurdu…

“Ulduzumuz barışmadı…”

  • Niyə? 
  • Deyək ki, ailə həyatı qurmaq vaxtımıydı. O vaxt fikirləşirdim ki, ailə qurmağa gecikmişəm. İndi isə əksini düşünürəm.  Evdəkilər belə düşünürdü ki, vaxt keçir. Qızımın atası ədliyyə sahəsində işləyirdi.  Alınmadı ailə həyatımız. Məcburən ayrıldıq.  Səbəb qadınla xəyanət filan deyildi.  Kaş elə qadın məsələsi olaydı… Qətiyyən…  ulduzumuz barışmadı. 
  • Qızıyla görüşürmü?
  • Görüşmür. İndi isə qızımla onun görüşməsinə mən icazə vermirəm. Bu mövzuda danışmaq istəmirəm. Ayrılmışıq,  Allah onu  da xoşbəxt eləsin. Yaxşı ki ayrılmışıq… 

“İndiki ağlım və siyasi savadım onda olsaydı,  hazırda həyatım çox fərqli olardı”

  • Yazılı mətbuatla efir jurnalitikası tam fərqlidir. Efir populyarlıq gətirir deyə, bəzən yazılı mətbuatın nümayəndələri də buna çox can atır. Onların arasında efirin ulduz eyforiyasını yaşayanlarda, olur…  Sizdə necə oldu? 
  • Televiziyaya ilk gəlişim 2002-ci ilin sonunda baş verib. ATV kanalının ilk yaradıcı kollektivində, komandasında mən də vardım.  “Son xəbər”in reportyorlarından idim.  Burada  televiziya adına ANS məktəbini  keçdim.  Rüstəm Əbülfətoğlunun  rəhbərliyi altında fəaliyyətə başladıq.  Oradan isə nazirliklərdən birinə işə dəvət aldım. Həmin nazırlikdə isə  məmur-jurnalist kimi formalaşdım.  2-ci dərəcəli dövlət qulluqçusu, baş məsləhətçi, mərbuat xidmətinin rəhbəriydim. Orada mükəmməl mətbuat sistemi qurmuşdum. Nazirliyin saytını belə yenidən qurmuşdum.  Lakin bir müddət sonra nazirlikdəki işimdən ayrıldım. İndiki ağlım və siyasi savadım onda olsaydı,  hazırda həyatım çox fərqli olardı. 
  • Məmur jurnalistlə KİV-də çalışan jurnalistin bir-birindən fərqi nədir?
  • Hər jurnalist məmur ola bilməz. Bu, bir az çətindir. Çünki məmur olduqdan sonra fəaliyyətində istər-istəməz məhdudiyyətlər yaranır.  

“Əlaqələrini əvvəlki həmkarlarıyla tamamilə kəsdilər, mən isə kəsməmişdim…”

  • – Hansını seçərdiniz? Məmurlugu, ya sıravi jurnalistliyi?
  • – Hər halda tamam başqa olardım. Bir məsələ var ki, indiki ağlım olsaydı, qalıb rahat işləyərdim. Çünki mənim ikinci ali təhsilim iqtisadiyyat idi. Kifayət qədər şanslarım  böyük idi.    Lakin məndən sonra  gələn mətbuat rəhbələrini gördüm, onlar  çox düzgün addım atdılar. Əlaqələrini əvvəlki həmkarlarıyla tamamilə kəsdilər.   Mən isə kəsməmişdim… 
  • Əlaqəni kəsmədiyiniz “həmkarlarınız” isə sizi “ baqaja” qoydular… 
  • Elədir. Məndən sonrakı məmur jurnalistlər “gözüçıxmış” qardaşlarından ibrət götürdülər. Yəni, dövlət qurumlarındakı mətbuat xidmətləri tamam başqa sistemlə işləməyə başladılar. 
  • Məmur işləyərkən siz əvvəllər birlikdə çalışdığınız həmkarlarınızla münasibətlərinizi necə saxladınız?
  • Əvvəlki qaydada. Normal. Təəssüf ki, qorumağa çalışdığım gözəl münasibətlərə görə işdən getməli oldum. İndi düşünürəm ki, münasibətləri o səviyyədə saxlamamlıydım. İndiki ağlım olsaydı, yəqin  tamam başqa cür işləyərdim. İşdən getdim və ailə qurdum.  Sanki bununla özüm cəzalandırdım.

“Oooo…Nələr olmadı…”

  • Sonra da həyatınızın ziq-zaqlar başladı… 
  • Bəli. Oooo…. Nələr olmadı. Həyatım kardioqramadakı ürək döyüntülərinin şəkli…Enişli, yoxuşlu,  itibucaqlı. Mənim həyatımda maili heç nə olmayıb. Hər şey 0-a düşüb və yenidən qalxıb. Özümü günahlandırdığım anlar da olub. Deyirdim ki, “Səbr elə, Tünzalə. Biz yenə qalib gələcəyik. Uğur qazanacağıq”. Etiraf etmişəm ki,  Tünzalə,səhv etmisən.  Düz 10 il susmuşam… 
  • Efirdən gedib məmur oldunuz. Bəs məmurluqdan çıxıb hara getdiniz?
  • Mətbuata qayıtdım. Bir müddət jurnalda işlədim. Sonra TQDK-da müsabiqə yolu ilə işə düzəldim.  90-dan çox adam müsabiqəyə qatılmışdı. Onların arasından  seçilən 3 nəfərdən biriydim. TQDK-nın “Abituriyent” jurnalında analitik təhlil üzrə  mütəxəssis oldum. Hətta orada çalışdığım müddətdə 4 kitab hazırladıq. Bakalavr ixtisasının mahiyyətiylə bağlı. Bu gün də o kitablardan satışda var. Müəlliflərdən biri  mən olsam da,  maraqlıdır ki, müəlliflərin adı kitabda göstərilmədi. Əslində, müəlliflk hüququnu tələb edə bilərdim, amma  TQDK-da  problemlərimiz oldu. Müqavilə  məsələsiylə bağlı. Sonra etiraf etdilər ki, bizə qarşı səhv ediblər. Etiraf  etdilər ki, haqqımız yeyilib. TQDK-da işlədiyim zaman ANS kanalına dəvət aldım və beləliklə oradan da getdim…

“ANS-dən həmişə razı qalmışam…”

  • ANS-in iş reimində işləmək körpə qızı olan jurnalist üçün çətin olmadı? 
  • Vallah, mən ANS-ə TQDK kimi bir yerdən gəlmişdim… (gülür) Niyə çətin olaydı ki… Əslində, ANS-lə əvvəldən tanış idim Rüstəm Əbülfətoğlunun sayəsində. Odur ki, ANS-ə gələndə iş rejimində mənim üçün qeyri-adi heç nə yox idi. İşini bacaran insanlara ANS-də həmişə yer olub. ANS-dən həmişə razı qalmışam… 
  • Bəs niyə getdiniz?
  • Getdim də… Səbəblər var idi.  Məndən 15 gün sonra təəssüf ki, ANS-də bağlandı. Amma mən əvvəlcədən müraciət etmişdim ki, işdən gedirəm.
  • Bu qədər razı qaldığınız iş yerinizdən sizi nə vadar etdi ki, gedəsiniz… Səmimi cavab verin… 
  • Düzü, bunu ANS-in rəhbərliyi də bilir. ANS-də günlərlə qalıb işləmişəm. Demək olar ki, övladımın üzünü görə bilmirdim. Çox çətiniydi. 10 adamın işini 1 nəfər görürdü. İqtisadiyyat bürosunda isə vəziyyət tamam fərqliydi. Aparıcılar müxbirlik etmirdilər. Sonradan bu sistemi yaratdılar. Bizim büroda isə, əvvəldən beləydik. Həm aparıcı, həm də reportyor idik. Yükümüz çox idi.

“ANS-dən getməyimə təkanverici qüvvələrdən biri də, məhz, mühafizə xidmətinin əməkdaşlarıyla aramızada yaranan problem oldu”

ANS-də ən böyük probleminiz nə idi, nədən narazıydınız? 

  • İşlə bağlı olurdu. Əsasən də, mühafizə xidmətinin əməkdaşlarıyla. Orada mühafizə xidmətinin əməkdaşalarıyla söz-söhbəti olanlardan biri də mən idim. ANS-dən getməyimə təkanverici qüvvələrdən biri də, məhz, mühafizə xidmətinin əməkdaşlarıyla aramızada yaranan problem oldu. İşə gecikmişdim. Efirə çatmalıydım. Avtomobilimi qadınların “parkovka” etməsi üçün ayrılan yerdə saxladım. Baxdım ki, orada yer yoxdur. Başqa yerdə saxladım MX-nin əməkadaşı isə dirəndi ki, gərək maşını buradan götürəsən, vəssalam. ANS-də də hər şey ideal səviyyədə deyildi… 
  • MX-nin əməkdaşları hər yerdə özünü ağa, jurnalistləri isə nökər kimi görürdü?
  • Elədir. O da vardı. Amma ANS-dən getməyimin, əslində, səbəblərindən biri də  mühafizə xidmətinin əməkdaşlarından biriylə olan söz-söhbətiydi. Nə qədər dedimsə ki, icazə ver, efiri yola verim, gəlim sonra götürüm. Dedi olmaz eee… Aramızda əməlli-başlı  mübahisə yarandı. Çox incidim onda… ANS-də  həmin anadək nə qədər söz-söhbətimiz olsa da,  haqqımda çox nadir hallarda ədalətsiz qərar veriblər. Amma bir çox hallarda məni qiymətləndiriblər, dəyər də veriblər.  Bunun üçün də onlara minnətdaram. 
  • Efirdən kənarda özünüzü necə hiss edirsiniz?
  • Nə bilim, vallah. Normal. Hətta kimlərsə məni tanıyanda ki, siz filankəssiniz? Təəccüblənmişəm, aa.. məni tanıyırmışlar ki… Televiziya aparıcılarının əksəriyyətindən fərqli olaraq, ulduz xəstəliyinə tutulmamışam. Bir də ki, ANS-ə gələnədək mən Tünzalə Rafiqqızıydım. Bunu ANS-dəkilər də çox qəşəng bilirdilər ki, kimə öz adımla zəng etmişəmsə, informasiya verilib.

“Elə biliblər ki, içkiliyəm…”

  • Bəs hardasa efirdə olduğunuza görə sizə aşırı diqqət, qayğı göstərilibmi? 
  • Yox,  əksinə. Hardasa 1 manata alacağım nəyisə efirdən tanıdıqlarına görə 5 manata da satıblar. Amma hörmət edənlər də olub. DYP ilə münasibətlərim indiyədək kifayət qədər əladır. (gülür) Radarlarım da var. Cərimələrim də. Amma elə olub ki, səhər tezdən efirə çatmaq üçün sürətlə gələndə yol polisi  saxlayıb ki,  sizi içki testindən keçirəcəyik. Elə biliblər ki, içkiliyəm. Bərk sürürdüm. Yuxulu da  sürmüşəm. Hətta qəza da törətmişəm. Amma yaxınlaşanda tanıyıblar və buraxıblar ki, get, işə gecikmə… Ya dövlət tədbirləri zamanı  yol bağlı olanda, məni buraxıblar ki, efirə ləngiməyim.  Bir dəfə isə DYP-nn maşınına oturdum çəkiliş qurupuyla. Aparıb çatdırdılar lazımı yerə. Sayələrində canlı yayıma çıxdıq. 
  • Elə arzunuz var ki, hələ ona  çatmamısınız? 
  • Hə, çoxdur belə arzum. Arzu ki pulnan deyil… 
  • ANS-dən sonra nə əcəb başqa kanallara müraciət etmədiniz?
  • Əslində, həmin vaxt mənə populyar saytlardan birindən dəvət gəldi. Getdim rəhbərliklə danışdım. Təklifləri də kifayət qədər cəlbedici oldu, maaş və istirahət günləri məni qane edirdi. ANS-dən çıxmağımın bir səbəbi də buydu axı. Bir gün səhər saat 4-də ayağımın ucunda evdən çıxanda qızım oyandı və dedi ki, an, geri qayıt. Qayıtdım, dedi ki, ana, sən bir də məni bu boyda görməyəcəksən. Sənə ANS lazımdır, ya mən? May ayı idi. Tutulmuşdum, qızım haqlıydı.  Gəldim və öz xahişimlə işdən çıxmaq üçün ərizə yazdım. Əvvəlcə razı olmadılar. Xüsusi ilə də Mirşahin Ağayev. 
  • Sizdən başqa da həmin vaxt işdən gedənlər var idi…
  • Var idi. Amma mənim həmin qrupla heç bir əlaqəm yox idi. Məsələn, mən idiyədək də Ləman Ələşrəf qızının işdəngetmə səbəbini bilmirəm. Onların işdən ayrılmalarının və ya çıxarılmalarının səbəbi peşə fəaliyyətləriylə, mənimki isə şəxsi arzumla bağlıydı. Dəfələrlə rəhbərliyə demişdim ki, ANS-dən ayrılmaq istəyirəm. ANS-dəki iş şəraiti məni qane etmirdi. Robot kimi işləmək məni bezdirmişdi. Məzuniyyətsiz işləmək də yorucuydu. Tələb də hər gün artırdı, lakin jurnalistlərin peşə səviyyəsi isə yox, yerində sayırdılar.  Yəni, iqtisadiyyat şöbəsindəki reportyorlardan gedir söhbət. Onların bu sahədəki bilik və bacarıqları məni qane etmirdi. O üzdən də saytdan edilən təklifin şərtləri qaneediciydi. Həmin vaxt anam xəstəydi, onu həkimə aparmalıydım.  Yeni rəhbərlik isə buna etiraz etmədi. Onlara söz verdim deyə, sonradan televiziyalardan edilən təkliflərdən imtina etməli oldum.  Peşman da deyiləm. Lakin iki gündür ki, orada tutduğum vəzifədən də ayrılmışam. İşdən getmək üçün ərizə yazmışam. Amma hələ bir söz deməyiblər.

“Onun əvəzinə müsahibəni hazırladım”

  • Niyə bu tezliklə? 
  • Səbəb vardı. Amma bu səbəb rəhbərliklə bağlı deyildi. İyulun 1-dən orada işləyirdim. Amma getməyimə səbəb bir reklam xarakterli müsahibə oldu. Onun əvəzinə müsahibəni hazırladım. Çox yüksək səviyyədə təqdim etdim. Yaxşı da oxunmuşdu. Bir neçə gün sonra həmin “müsahib” hazırladığım müsahibəni başqa saytlarda, başqa imzalarla dərc elədi. Bunu biləndə etiraz etdim ki, bu necə ola bilər? Axı ən azından  mənim müəlliflik hüququm var. Hətta həmin müsahibəni öz adıyla dərc edənlərdən biri ANS-də mənim işçim olub. Həmin şəxs də dedi ki, Tünzalə xanım, müsahibəni bizə hazır göndərmişdilər. Üzərində bir az dəyişiklik edib, öz adımdan verdim. 
  • Kim idi həmin “müsahib”?
  • Bank sektorunda işləyir. Buna görə etirazımı rəhbərliyə bildirəndə cavabları belə oldu ki, “müsahib” bizim müştərimizdir. Məsələni sivil yolla  həll edərik. Amma həmin vaxt mənə “müsahib” özü də zəng vurdu. Soruşdum ki, axı niyə belə etmisiniz? Bu nə etik, nə də qanunvericiliyə uyğundur.  Dedim ki,  müsahibənibaşqalarının imzasıyla verməklə müəlliflik hüquqlarımı pozmusunuz. 
  • Yəni, sualı da siz vermişdiniz, cavabı da?
  • Bəli. Adam, ümumiyyətlə, danışa bilmir. Üzr istəmək əvəzinə dedi ki, mən müsahibəni pulla almışam. Yəni səni də, rəhbərliyi də pulla almışam, Ürəyim istədiyi yerdə çap da edərəm, başqa imza da qoyaram. Onun bu cavabı mənə çox pis təsir etdi. Rəhbərliyə etirazımı bildirdim ki, axı bu “müsahib” mənim imzamı necə ala bilər?  Dedilər o müştərimizdir. Çalışacağıq sakit yolla məsələni həll edək. Düzü, bu mənə ağır gəldi. Bir anın öfkəsi deyək buna… Gəldim sakitcə ərizəmi yazdım. Yəni 20 illik jurnalistika həyatımda hələ belə bir şey görməmişdim.  Peşə kodekslərinə hörmətsizliyə etiraz etdim. 
  • ANS kanali yenidən açılsa, ya bərpa olunsa, qayıdardınız oraya?
  • Allah eləsin ki açılsın. ANS mənm üçün fövqəladənin fövqündə dayanır. Mən o məktəbi keçdiyim üçün şərəf duyuram.

 

“Gözəlliyimi itirim, istəyirəm sevib-sevilim, övladım üçün gözəl ana olum”

  • Həyatda nədən qorxursunuz? 
  • İtirməkdən. Dostları, sevdiyim insanları itirməkdən. Bundan başqa sırf qadınlara məxsus qorxu hisslərim də var. Bütün qadınlar kimi qorxuram ki, buxağım sallansın. Gözəlliyimi itirim, istəyirəm sevib-sevilim, övladım üçün gözəl ana olum. İstəyirəm ki, bütün sürücülər kimi cəzalarım yüngül olsun. 
  • Arada maşında başını bayıra çıxarıb naşı sürücülərlə  dava etdiyiniz olub?
  • O qədər… Hətta polislə belə dava etmişəm. Avtoşluq edəndə olub ən çox da. Hər halda  saatda 130 sürətlə döngəyə girmək elə-belə şey deyildi. Xaraktercə elə biriyəm ki, tərs tərəfimə düşəndə  5 qəpiyin davasını etdiyim anlar olub. Elə yerdə olub ki, hiss eləmişəm ki, göz-görəti məndən 2-3 qat artığına pul alıblar. Sadəcə gülümsəmişəm… 
  • Hesab-kitabla aranız necədir?
  • İqtisadiyyat üzrə aparıcı jurnalist olsam da, heç vaxt pul saya bilməmişəm. Mənimki yazmaqdır, tapmaqdır. Dünyanın o başındakı Conu tap gətir, desələr. Axtarıb Conu tapıb gətirəcəm. Ona görə də dükan-bazara gedəndə çox çətinlik çəkirəm. 
  • Bizneslə məşğul olmaq istəyərdiniz?
  • Əlbəttə. Həmişə arzum olub ki, bir biznes mərkəzim,  bir media qurumum olsun.   Baxımlı qadınları sevirəm. Mərkəzim baxımlı  olmaları üçün qadınlara xidmət edərdi. Media qurumum isə eksklüziv xəbərin ünvanı olardı. Peşəkar jurnalistika məktəbinin formalaşmasına yardımçı olardım. Amma bütün bunlar “day-daysız” Rəqsanə demiş, sponsorsuz mümkün olmur. 
  • Təklif edənlər olur?
  • İşlə bağlı olur. Amma güvəndiyim biri olmayıb.

“Cennifer Lopes deyiləm, axı…”

 – Geyimlərinizi özünüz alırsınız? 

Hə. Amma mən Cennifer Lopes deyiləm, axı… 5 manata adığım da var, 500 dollar pul verdiyim də… Ona görə də deyə blmərəm ki, məxsusi brendlər alıram.Mən paltarlarıma qarşı çox titizəm.Qızılımı məndən istəsinlər, amma paltarımı yox.Hətta düşünürəm ki, harasa köçəsi olsam, görəsən, qarderobumu necə köçürəcəm. 

– Amma “Facebook”-un Cennifer Lopesi sayılırsınız… 

Hə, şəbəkədə çox fəalam. Boy-boy şəkillər çəkdirirəm, sonra da yerləşdirirəm səhifəmə. 

– “Facebook”-dakı “like”lardan stimul alırsınz?

– Bütün qadınlar diqəti sevirlər. Mən də həmçinin.Hətta faecbook-da şəkillərimi çox paylaşdığım üçün bir dəfə mənə izahat yazdırıblar.  Rahib Qəriblə “Marş” verilişinin çəkilişlərinə getmişdik. Orada çəkdiridyim şəkillərin hamısını – 268 fotonu  birdən səhifəmdə paylaşmışdım. Az keçmədi ki, hay-haray düşdü. Mirşahin Ağayev zəng elədi ki, Tünzalə, get, o şəkilləri sil. Dedim ki, niyə axı… Cavab verdi ki, ay bala, birdən-birə 268 şəkil yerləşdirərlər? Çıxart onları.Birtəhər razılaşdım.Bunun üçün bir məzəli izahat da yazdım.Albomun hamı üçün baxışını bağlamışdım.  Amma indi hamı baxır o 268 şəklə…

-Nəyinsə qisasını aldığınız olub?

  • Düzünü deyim ki, hə. Hərdən özüm özümə deyirəm ki, Tünzalə sən qorxulu adamsan. Yəni belə anlarda özümdən qorxduğum anlar olub. Çünki mənim üçün insanar 3 hissəyə  bölünüb. Ağ, boz, qara… Ağ hissədə çox az adam var. Həyatımdakı insanların əksəriyyəti boz hissədədirlər.  Allah eləməsin ki, onlardan hansısa qara hissəyə düşsün. Onlar həmin an mənim üçün ölürlər. Qara hissəyə düşən nsanlardan ömrümün sonuna bircə gün qalsa belə, imkan düşsə, qisasımı alaram.

“Qisasımı alacam…”

-Hansı formada?

-İstənilən formada.Yəni, kin bəslədiyim insanları ömrümün sonuna bircə gün qalsa belə, yenə qisasımı alacam.

  • İndiyədək belə hal baş verib?
  • Bəli, ona görə də çalışıram ki, heç kimə kin bəsləməyim. Çünki həmin adam gərək özünü ölmüş bilsin…

-Qızınızı tək böyütdünüz… Qızınıza nəyi vermək istəyirsiniz, hansı ki, valideynləriniz onu sizə verə bilməyib?

Düzünü deyim ki, valideynlərimin mənə verdiklərini mən qızıma verə bilməmişəm. Onlar mənə daha çox şey veriblər. Mən onları qızıma verə bilmirəm. Qızım məndən o valideyn şəfqəti ki var,  bu gün də onu məndən görə bilmir. Vaxt azlığı, işimin yaratdığım  məhdudiyyətlər var. ANS-dən getməyimin bir səbəbi də elə həmin məhdudiyyətlər idi. Qızım Zəhraya istədiyim kimi  ana ola bilməmişəm. Vaxt imkan verməyib. Əslində, heç onun  adının Zəhra olmasını da istəməzdim. Amma nənəsigil qoyub deyə, dinməmişəm. Qaynanam çox gözəl insan idi. Əsil “dəmir ledi” – Marqaret Tetçer idi. Münasibətlərimiz sonadək gözəl qaldı. Allah ona rəhmət eləsin. 2011-ci ildə qızımın atasından ayrıldım. Bu günədək də qızımı tək böyüdürürəm.  Ondan qızım üçün 1 manat belə aliment yardımı almamışam. Allahıma şükürlər olsun ki, Zəhram yanımdadır. Maksimum çalışıram ki, problemləri həll edim. Sadəcə, qızımın sağlamlığındakı problemlərdən çox üzülürəm.  Zəhram  kəskin böyrək xəstəliyindən əziyyət çəkir.  Elə olub ki, ən çətin anlarında yanında ola bilməmişəm… Həmin anlarda efirdə olmuşam. Qızım üçün hər şeyi etməyə hazıram.

“Hisslərimi sata bilmərəm”

-Tünzalə xanım, adını şair qoyan çoxundan qəşəng şer də yazırsınız…

-3-cü sinifdən yazıram. “Facebook”-da 5500 izləyicim var. Onların çoxu şerlərimə görə məni izlyir.  Oxuyanlar, bəyənənlər deyir ki, niyə kitab halına salmırsan?  Çox istəyərdim, qəzəllərimi nəşr edim.Amma hazırda mənim elə imkanım yoxdur. Hətta çap xərcini öz üzərinə götürmək istəyən nəşriyyat da  Amma demişəm ki, onlar mənim hisslərimdir. Hisslərimi sata bilmərəm.Bir gün nə vaxtsa kitab nəşr edəcəm və onda hər kəsə şerlərimi hədiyyə edəcəm. Qəzələrimn sonunda adımdan istifadə etmirəm deyə,  onları facebook  səhifəsindən oğurlayıb, öz adıyla dərc edən tanınmışlar var. Özümdən istəsəydilər,  hədiyyə edərdim.

  • Müsahibədə səmimi oldunuz?

-Əvvəllərdə müsahibə vermişəm ANS-də qadağalar var idi deyə, tam sərbəst ola bilmirdin. İndi isə tam sərbəstəm. Ancaq  elə şeylər var ki, onda səmimi olmaq olmur. Siz də nələrdəsə bunu hiss etdiniz deyə, bu sualı verdiniz. Tam səmimi olsaydım, haqqımda Hollivud səviyyəsində film çəkmək olardı. Əvvəllərdə müsahibə verəndə  deyirdim ki, tam səmimi ola bilməyəcəm. İndi də elə tam səmimi deyiləm.Olub ki, nəyəsə görə qınaq obyektinə hədəf olmuşam.Amma bunu adi qarşılamışam. Bu mənim həyatımdır, kimin necə baxmasından və necə  görməsindən asılı olmayaraq.  Pessimist də deyiləm.Bəzən qalib gəlmək üçün məğlub da görünmək lazımdır.Bu mənim devizimdir. Həyatda özümü ilan və  qarışqayla müqaisə edirəm. İlana ona görə ki, mən də ilan kimi dəyməyəni sancmaram.Qarışqa isə zəhmətkeşdir.Hədəfinə çatmaq üçün ən ağır yükü belə daşıyır.Valideynlərimə minnətdaram ki, məni zəhmətkeş böyüdüb. Zəhra üçün o qədər haqsızlığa dözmüşəm ki…  Bəlkə də bü günədək bütün haqsızlıqlara Zəhraya görə dözmüşəm.

-Yenidən ana olmaq istərdiniz?

-İstərdim.Zəhra çox istəyir ki, onun bacı-qardaşı olsun.Qadın sevgisiz yaşaya bilməz.Amma qadın hər sevdiyindən də dünyaya uşaq gətirə bilməz. Hətta bir dəfə demişdim ki, əgər süni mayalanmayla doğmaq mümkün olsaydı,  bu qınaq obyektinə çevrilməsəydi, məmnuniyyətlə bir oğlan doğardım. Sadəcə, cəmiyyətimiz buna hazır deyil.  Yalnız bir halda ailə qura bilərəm. Mənim indən sonra həyatımı paylaşacağım şəxs Zəhranı sevdiyim qədər sevə biləcəyim insan olmalıdır… 

 

tun-1

tun-2

tun-3

tun-4

tun-5

tun-6

Gülnaz Qənbərli

Gununsesi.info

P.S. Müsahibə sayta yerləşdirərkən xəbər tutduq ki, tanınmış jurnalist Tünzalə Rafiqqızı bu gündən SPACE kanalında çalışacaq.