
İlin bu aylarında universitetlərdən məzun olan və ali məktəbə qəbul olmaq üçün ixtisas seçimlərinə hazırlaşan on minlərlə gənc var. Lakin təhsilini başa vurduqdan sonra onların əksəriyyəti bu və ya digər səbəbdən işsiz qalır.
Bəs universitetə yüksək balla qəbul olan və yaxşı nəticə ilə bitirən gənclər, o cümlədən digərləri niyə peşə sahibi ola bilmir?
Gununsesi.info yeni həyata qədəm qoyan gənclərin əksəriyyətinin iş tapa bilməməsinin səbəblərini təqdim edir.
Öz bacarığına bələd olmamaq
Universitet məzunu deyəndə artıq ağlımıza şəxsiyyət baxımından tam formalaşmış, yetkin insan gəlir. Lakin gənclərin çoxu ali məktəbə diplom almaq xatirinə qəbul olurlar. Onlar özlərini tanıyıb təsdiqləyə bilmirlər. Buna görə hər bir gənc hansı peşəyə maraq göstərdiyini müəyyən etməli və mütləq bu sahədə öz bacarığını sınaqdan keçirməlidir.
Yalnış ixtisas seçimi
Universitet yeməkxanalarının sinif otaqlarından daha dolu olduğu hər birimizə məlumdur. Bu isə yalnış ixtisas seçiminin nəticəsidir. Təbii ki, düzgün olmayan ixtisas seçimi tələbənin dərslərə və həmin ixtisasla bağlı məsləklərə marağını azaldır.
Məşhur ixtisaslara can atmaq
Gənclərin əksəriyyətinin şöhrətpərəstliyi onların ixtisas seçiminə də təsir edir. Onlar ad-san xatirinə ən məşhur fakültədə təhsil almaq istəyirlər. Məsələn, ölkəmizdə III ixtisas qrupu üzrə hazırlaşan və maksimum (700) balı toplayan abituryentlərin hamısı ixtisas seçimi zamanı, bir qayda olaraq, Hüquq fakültəsini seçir. Sonralar isə bu, iş tapma rəqabətini artırır, nəticədə işsizlik artır.
Təcrübəsizlik
Yalnış ixtisas seçimi ilə əlaqədar olaraq tələbələr perspektivli iş fürsətlərindən xəbərsiz qalırlar. Bu da təcrübəsizlikdən irəli gəlir. Təəssüf ki, tələbələrin çoxu təhsil aldıqları müddətdə lazımı təcrübəni toplaya bilmirlər.
Uzaqgörən olmamaq
Gənclər, təəssüf ki, hansı peşənin onlar üçün daha uyğun olacağını analiz edə bilmirlər. Məsələn, müxtəlif biznes sahələrinin sürətlə inkişaf etdiyi bir vaxtda sırf diplom almaq naminə dərin bilik bazasına malik olmayan gəncin ali məktəbə daxil olmaq cəhdləri, fikrimizcə, mənasızdır.
* İxtisas seçimlərinə az müddət qaldığı bir vaxtda abituryentlərə diqqətli olmağı, gələcəyi düşünərək addım atmağı tövsiyə edir, uğurlar arzulayırıq.
Gununsesi.info











