Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir

  • By admin
  • 11 Noyabr 2017 11:45

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.

Gununsesi.info-nun xəbərinə görə, bununla  əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonunda akademik Zərifə Əliyeva adına liseydə “Hüquqlarımızı tanıyaq” mövzusunda seminar keçirilmişdir. Bu maarifləndirici tədbirdə Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev, habelə liseyin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Liseyin direktoru Mehriban Vəliyeva Uşaq Hüquqları Aylığı təşəbbüsünün irəli sürülməsinə görə Ombudsmana minnətdarlığını bildirmiş, tədbirin məqsədini açıqlamış, məktəbin fəaliyyəti haqqında məlumat verib.

Müvəkkilin nümayəndələri insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqlarının mahiyyəti, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanunda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqlar və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat veriblər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar – valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, miqrant, qaçqın və məcburi köçkün ailələrdən olan, silahlı münaqişələrdən əziyyət çəkən, qanunla ziddiyyətdə olan və sosial risk qrupuna daxil olan uşaqların hüquq və vəzifələri, uşaqlara qarşı zorakılığın növləri, uşaq alveri, uşaq əməyi, erkən nikah halları ətraflı şəkildə müzakirə olunmuş, bu sahədə ölkədə aparılan islahatlar və müxtəlif qurumların səlahiyyətləri, o cümlədən vətəndaş cəmiyyətinin rolu barədə iştirakçılar məlumatlandırılıb.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Habelə 2009-2010-cu tədris ilindən başlayaraq Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ümumtəhsil məktəblərində uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris proqramı barədə şagirdlərə və müəllimlərə ətraflı məlumat verilib.

Tədbir maraqlı və səmərəli müzakirə şəraitində davam etmiş, iştirakçıların sualları ətraflı cavablandırılıb.

Seminar zamanı Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici nəşrlərdən istifadə olunub və həmin nəşrlər məktəbə təqdim edilib.

Gülnaz Qənbərli

Gununsesi.info