Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.
Nazirlikdən Gununsesi.info-ya daxil olan xəbərə görə, faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.