Parlamentin komitə sədrindən Azay Quliyevə doğum günü təbriki

  • By Admin2
  • 23 İyun 2026 15:29

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Komitənin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevi təbrik edib.

Gununsesi.info xəbər verir ki, millət vəkilinin 55 illik yubileyi münasibəti ilə yazılan təbrik məktubunda onun vətəndaş cəmiyyəti institutlarında fəaliyyətinə xüsusi vurğu edilib.

Sözügedən təbrik mətnini təqdim edirik:

“Hörmətli Azay müəllim,

Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Ötən illər ərzində Siz fəal vətəndaş mövqeyini, intellekti və peşəkarlığı özündə birləşdirən ictimai xadim kimi tanınmısınız.

Milli Məclisin üzvü olaraq qanunvericilik fəaliyyətinə verdiyiniz dəyərli töhfələr, ictimai birliklərin inkişafı, vətəndaş cəmiyyətinin gücləndirilməsi, sosial həmrəyliyin və milli maraqların qorunması istiqamətində fəaliyyətiniz təqdirəlayiqdir. Uzun illər boyu qeyri-hökumət təşkilatları sektorunun inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi və vətəndaş iştirakçılığının genişləndirilməsi sahəsində həyata keçirdiyiniz layihələr ölkəmizdə üçüncü sektorun formalaşmasında rol oynamışdır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsindəki fəaliyyətiniz zamanı nümayiş etdirdiyiniz prinsipial mövqe, təcrübə və konstruktiv yanaşma qanunvericilik təşəbbüslərinin müzakirəsinə və ictimai əhəmiyyətli məsələlərin həllinə dəyərli töhfələr verməkdədir.

Elm və təhsil sahəsindəki fəaliyyətiniz, siyasi elmlər üzrə fəlsəfə doktoru kimi elmi araşdırmalarınız, yetişməkdə olan nəslin maariflənməsinə və peşəkar inkişafına göstərdiyiniz diqqət də ziyalı məsuliyyətinin təzahürüdür.

Təcrübənizin, təşkilatçılıq bacarığınızın və milli-mənəvi dəyərlərə sədaqətinizin bundan sonra da vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına xidmət edəcəyinə inanıram.

Bu əlamətdar yubiley günündə Sizi bir daha səmimi qəlbdən təbrik edir, yeni uğurlar arzulayıram!”

Gununsesi.info