Orxan Fikrətoğlunun “Dalandar” adlı kitabı izləyicilərə təqdim olunub

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2026 22:03

Bu gün yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun “Dalandar” adlı kitabı işıq üzü görüb.

Gununsesi.info xəbər verir ki, bu haqda yazıçının dəyərli bacısı yazıçı, şairə Aysel Fikrət öz sosial səhifəsində paylaşım edib
“MİMTA yayımlarında işıq üzü görən Orxan Fikrətoğlunun “Dalandar” kitabını vərəqlədikcə mən təkcə müasir Azərbaycan ədəbiyyatının tanınmış yazıçısının hekayələrini oxumuram. Mən həm də uşaqlığıma, ailəmizin ədəbiyyatla nəfəs alan o doğma günlərinə qayıdıram…

Orxan yazmağa ötən əsrin 80–90-cı illərində başladı. İlk hekayələrini yazanda onları evdə bizə oxuyardı. Ailəmiz ədəbiyyatçı ailəsi olduğundan yazılan mətn ətrafında söhbətlər, fikir mübadilələri bizim üçün adi hal idi. Amma mənim üçün qəribə və eyni zamanda çox qiymətli olan başqa bir məqam vardı: Orxan mənim də fikrimi soruşurdu.
Aramızda on yaş fərq var. Mən hələ məktəbli idim. Düşünürdüm: Mən uşağam, Orxan niyə yazdığı hekayə haqqında mənim fikrimi bilmək istəyir? O isə həmişə məni dinləyirdi, nə düşündüyümü, nə hiss etdiyimi soruşurdu. İllər keçəndən sonra bunun mənasını anladım. Orxan məni sadəcə dinləmirdi – mənə düşünməyi öyrədirdi. Oxuduğum mətn haqqında öz fikrimin olmasını, hiss etdiyimi ifadə etməyi, sözə və həyata öz baxışımla yanaşmağı öyrədirdi. Mənim fikrimi önəmli sayması mənə böyük stimul verirdi. Özümü artıq uşaq kimi hiss etmirdim. Düşüncələrimin, sözümün bir dəyəri olduğunu anlayırdım. Bəlkə də, ədəbiyyata və sözə bu qədər bağlanmağımda həmin günlərin, həmin sualların böyük payı var.

Bu gün “Dalandar” kitabında toplanmış hekayələri oxuyanda o illərdən tanıdığım Orxanı yenidən görürəm. İnsan taleyi, yaddaş və zaman bu mətnlərin əsas damarından keçir. Adi görünən həyat hadisələrinin arxasında insanın daxili dünyası, sevinci, ağrısı, itkiləri və yaddaşında daşıdıqları açılır. Müxtəlif insan taleləri ilə qarşılaşan oxucu yalnız hadisəni izləmir, həm də zamanın insanın ruhunda buraxdığı izlər haqqında düşünür. Orxanın dramaturji təfəkkürü, hadisəni sanki göz önündə canlandırmaq, sözü görüntüyə çevirmək bacarığı bu hekayələrdə də özünü aydın göstərir.
Amma mən Orxan haqqında yalnız yazıçı kimi danışa bilmirəm. Çünki mənim üçün Orxan ilk növbədə qardaşımdır.
Elə bu gün də orda oturub böyük fərəhlə və sevgimlə onu kənardan izləyirdim.
O, gözəl atadır, gözəl ailə başçısıdır, ata-anasının qayğısına qalan gözəl övladdır, gözəl dayıdır, mehriban insandır. Öz sözü, düşüncəsi və yaradıcılığı ilə xalqına gərəkli şəxsiyyətlərdən biridir.
Bütün bunlardan da əvvəl isə mənim üçün Orxan bu dünyada yaşamaq səbəbimdir. Son illərdə həyatımızın, gözəl ailəmizin ağır zərbələrindən bu nəticəyə gəlmişəm və içimdə daşıdığım ən sadə və ən səmimi həqiqət kimi deyirəm. Nə yaxşı ki mən bu ailədə dünyaya gəlmişəm.

Bir vaxtlar yazdığı ilk hekayəni oxuyub məktəbli bacısından “Sən necə düşünürsən?” deyə soruşan qardaşım bu gün artıq sayını itirdiyim yeni kitabını oxucuna təqdim edir. İndi həmin sual sanki hər bir oxucuya ünvanlanır: Sən necə düşünürsən? Sən nə hiss etdin?

Bugünkü təqdimatın məhz belə sadə, təvazökar və səmimi keçməsi məni ayrıca sevindirdi. Burada böyük bir kütlə yaratmaq cəhdi yox idi. Təsadüfi insanlar yox idi. Özünü təsdiq etmək üçün özgənin təqdimatını ələk vələk edənlər yox idi. Əla idi əla. Elanı görüb ürəkdən gəlmək istəyən insanlar, Orxanın dostları, sözə və ədəbiyyata dəyər verən insanlar, doğmalar sevgilərini götürüb gəlmişdilər. Ona görə də tədbirin çox gözəl, doğma və səmimi bir aurası vardı. Bəzən bir tədbirin dəyərini insanların sayı deyil, orada olan insanların səmimiyyəti və sözə verdiyi dəyər müəyyən edir.
Bu gözəl və yüksək səviyyədə təşkil olunmuş təqdimata görə MİMTA Yayınlarına və Litera Kitab Evinə ürəkdən təşəkkür edirəm. Orxanın sözünə, kitabına və oxucusuna göstərdiyiniz diqqət və ehtiram mənim üçün də çox qiymətlidir.

Var olun.

Orxan səni təbrik edirəm!”

Məmmədova İlhamə

Gununsesi.info