Xəzərdə balıq ehtiyatları niyə azalıb?

  • By admin
  • 01 İyul 2017 21:33

baliq telef
Son 10-15 ildə Xəzər dənizində balıq ehtiyatlarının azalması müşahidə edilir. Bunun əsas səbəblərinin müəyyənləşdirilərək azalmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Buna səbəb Kür çayında bəndlərin salınması ilə təbii şəraitdə kürütökmə məqsədilə keçici və yarımkeçici balıqların çaylara miqrasiya şəraitinin pozulması, çaylarda kürütökmə yerlərinin korlanması nəticəsində balıqların çoxalma və artım tempinin kəskin azalması, qanunsuz balıq ovu amilləridir. Bununla yanaşı, bioloji amil olaraq, “Mnemiopsis leyidi” adlanan daraqlıların Qara dənizdən tankerlərin ballast sularında gətirilərək dənizdə məskunlaşması ilə zooplanktonlar demək olar ki, məhv olub. Bu isə öz növbəsində, kilkələrin və bununla qidalanan nərəkimilərin sayına təsir edib. Balıq ehtiyatlarının azalması təkcə Azərbaycan ərazisində deyil, bütün Xəzər dənizi akvatoriyasında müşahidə edilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov Azərtac-a məxsusi müsahibəsində deyib.

İ.Yunusov qanunsuz balıq ovlayanlara qarşı ciddi mübarizə tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. O, cari ilin altı ayı ərzində 22 nəfərin qanunsuz balıq ovu ilə məşğul olduğuna görə məsuliyyətə cəlb edildiyini bildirib. Baş müfəttiş respublika ərazisində akvakulturanın inkişaf etdirilməsinin də balıq ehtiyatlarının qorunması və artırılmasında mühüm addım olduğunu qeyd edib: “Balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan dördü nərə, üçü qızılbalıq və forel, beşi isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb.

“Balıqçılıq haqqında” Qanuna əsasən, ölkəmizdə balıq ovunun tənzimlənməsi və brakonyerliklə mübarizə vəzifələrinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Respublikada mövcud balıqçılıq təsərrüfatı əhəmiyyətli su hövzələri nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin fəaliyyət obyektləridir. Departamentin tərkibinə daxil olan Su Hövzələrində Bioresursların Mühafizəsi Xidməti öz fəaliyyətini 4 regional sektor vasitəsilə həyata keçirir. Bu sektorlar Xəzər dənizinin Azərbaycana aid sularında və respublikanın daxili su hövzələrində qeyri-qanuni balıq ovu və balıq ovu qaydalarının pozulması hallarına qarşı müvafiq tədbirləri həyata keçirirlər. Cərimə sanksiyalarının və cəzaların tətbiqi məqsədilə Cinayət və İnzibati Xətalar məcəllələrindən istifadə olunur. Balıq mühafizə qanunvericiliyinin pozulmasına qarşı mübarizədə Su Hövzələrində Bioresursların Mühafizəsi Xidməti hüquq-mühafizə orqanları və sərhəd qoşunları ilə sıx əməkdaşlıq edir”, – deyə İ.Yunusov bildirib.

Gununsesi.info