Xaləddin İsgəndərovun məktubu məhkəmədə elan olundu

  • By admin
  • 01 Dekabr 2016 13:10

xal%c9%99ddin

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin 13-cü cildindəki sənədlərin tədqiqi elan edilib.

Vəkil Cavid Rzazadə məhkəmədə şahid qismində dindirilməyən şahid Tural Məmmədovun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.

Hakim onun ifadəsini elan edib. T.Məmmədovun Binəqədi rayonunda baş vermiş binanın üzlənməsi zamanı nəzarət üzrə sahə rəisi olduğu məlum olub. Şahid qeyd edib ki, binada görülən işlərlə bağlı Föqəladə Hallar Nazirliyinin (FHN) müvafiq idarəsinin işçiləri yoxlama aparıb.

Cinayət işinin 14-cü cildindəki sənədlərin tədqiqi zamanı isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun baş prokurorun birinci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda göstərilib ki, icra başçısının birinci müavini Qüdrət Seyfullayev sərəncamla işdən çıxarılıb.

FHN-in R.Usubova göndərdiyi məktubda isə binanın üzlənməsində istifadə olunan “Poliuretan” məmulatlarının yanan materiallar qrupuna aid olduğu bildirilib.

Təqsirləndirilən Q.Novruzovun vəkili Nüşabə Ağayeva çıxışında söyləyib ki, FHN-in müvafiq orqanlara göndərdiyi məktublarda ziddiyyətlər var: “Bununla bağlı FHN-in inustutunda rəy verilib. Lakin onların müvafiq orqanlara göndərdiyi məktublarda ziddiyyətlər mövcuddur. Fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyevin bununla bağlı məhkəməyə çağrılması ilə bağlı vəsatət qaldıracağıq”.

O bildirib ki, təqsirləndirilən şəxslərin rəy almaq səlahiyyəti belə yox idi: “Biz bunlarla razılaşmırıq”.

M.Mahmudovun vəkili İlhamə Həsənova çıxışında sənədlərdə FHN-in icra başçısı Xaləddin İsgəndərova ünvanladığı məktubların saxta olduğunu deyib. Onun sözlərinə görə, fövqəladə hallar nazirinin müavininin Xaləddin İsgəndərova ünvanlanan məktubunda qeyd edilib ki, 2012-ci ildən 6 məktub göndərilib: “Guya həmin məktublarda “poliuretan”la üzlənən binalarda təhlükənin olduğu göstərilir. Məktublarda guya yanğın siqnalının daxil olduğu, buna görə də binaların ətrafında növbətçiliyin təyin olunması istənilir. Lakin qeyd edilən məktubların heç biri icra hakimiyyətində məktubların qəbulu jurnalında qeydə alınmayıb. Həmin məktublar saxtadır və məsuliyyətdən yayınmaq üçün yazılıb”.

Proses dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Gununsesi.info