Xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin statistikası açıqlandı

  • By admin
  • 27 İyul 2017 16:40
1483885937_xroniki
“Hal-hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Bunlardan 1329 nəfər Bakı şəhərində, 1983 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar”.
Gununsesi.info xəbər verir ki,  bu barədə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransında məlumat verilib.
 
Konfransda bildirilib ki,  əgər əvvəllər xəstələr hemodializ almaq üçün uzun məsafə qət edərək paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşirdilərsə, hazırda bir çox regionlarda hemodializ şöbələri açılmış və xəstələrin istifadəsinə təqdim edilmişdir. Artıq Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.
 
2017-ci ildə regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəlində 3 saylı Şəhər Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib.
 
Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var. Hal-hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar. Hal-hazırda “Xroniki Böyrək Çatışmazlığı” proramı üzrə 719 nəfər böyrəköçürülmüş xəstə vardır. 2017-ci ildə 54 nəfərə böyrəkköçürmə əməliyyatı aparılıb. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
 
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.
 
Hemodializlə müalicə – qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsidir. Qan dializator adlanan xüsusi filtrdən keçməklə orqanizmdə toplanmış azot qalıqlarından, artıq elektrolitlərdən, izafi mayedən təmizlənməklə yenidən xəstənin bədəninə qayıdır. Bu prosedur 3-4 saat davam edir. Müalicə həftədə 3 dəfə olmaqla xəstənin yeganə müalicə üsulu olduğu üçün bütün həyatı boyu davam edir.
Mürtəza
Gununsesi.info