“Yağış kollektorları leysanı ötürə bilmədi, yolları su basdı” - Anar Nəcəfli

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 15:51

 

sellllll
Bakıda və Abşeron yarımadasında yağan leysan yağışlar yenə paytaxtda və Bakıətrafı qəsəbələrdə ciddi problemlər yaratdı. Xüsusilə də yağan yağışlar nəqliyyat sektoruna və yol təsərrüfatına mənfi təsirini göstərdi.

Gununsesi.info-nun əməkdaşı olaraq Bakının Nəsimi, Nərimanov və Yasamal rayonlarında, Bakı Metropoliteninin “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarının qarşısında apardığımız müşahidələr nəticəsində bunun canlı şahidi olduq. Sözügedən məkanlarda, xüsusilə də yağış sularının axıdılması üçün kollektorların və drenaj sistemlərinin olmadığı ərazilərdə yağış suları əməlli-başlı sel yaratmışdı.

Hətta, bəzi yerlərdə, əsasən də bir neçə mərtəbəli binaların qarşısında axmayan yağış suları süni gölməçələr yaratmışdı. Xüsusilə də Hüseynbala Əliyev, Rəşid Məmmədov, Şərifzadə, Alı Mustafayev, akademik Həsən Əliyev və başqa küçələrdə, İnşaatçılar, Mətbuat, Hüseyn Cavid, “Azadlıq” və digər prospektlərdə, “20 Yanvar”, “Badamdar”, “3-cü mikrorayon” və başqa dairələrdə yağış suları nəinki piyadaların, hətta, nəqliyyat vasitələrinin sərbəst hərəkətlərini xeyli məhdudlaşdırmışdı. Axar suya qərq olmuş bəzi yollarda avtomobillər sanki qayıq kimi “üzürdü”. Hətta, küçələrdə su o qədər sürətlə axırdı ki, yolun bir tərəfindən digər tərəfinə keçmək üçün mütləq balıqçı çəkməsi geyinmək lazım gəlirdi. Təbii ki, balıqçı çəkməsi geyinməyən digər piyadalar kimi bu yazının müəllifi də küçələrdən çay kimi axan suların “qurbanı” oldu və əyinə geyinilən bütün paltarlar islanmaqla bərabər həm də çirkləndi. Əksər küçələrdə səkilər və avtomobil yolları bütünlüklə suya qərq olduğundan orada çətinliklə hərəkət edən piyadalar tamamilə islanmışdılar. Sərnişin dayanacaqlarının qarşılarından yağış suları sanki çay kimi axdığından avtobusların sözügedən dayanacaq köşklərinə yaxınlaşması, avtobuslara və digər nəqliyyat vasitələrinə minmək və onlardan düşmək çox qəliz bir məsələyə çevrilmişdi. Məhəllədaxili yollarda da yağış sularının üzündən yolun bir tərəfindən digər tərəfinə keçmək qeyri-mümkün idi. Ən ciddi problemlərlə üzləşən vətəndaşlar arasında məktəblilər və onların valideynləri də var idi.

İctimayyət isə belə bir vəziyyətdə daha çox “Azəryolsevris” və “Azərsu”nu ittiham edir. “Azəryolsevris” isə məsuliyyəti “Azərsu”yun boynuna atır. Belə ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, yağış kollektorları və kanalizasiya ağızlıqları ilə bağlı işlərlə “Azərsu” məşğul olur. Bu məsələnin onun rəsmisi olduğu quruma aidiyyəti yoxdur. Onun sözlərinə görə, hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında vəziyyət gəlincə, yollarda vəziyyət normaldır, yağış kollektorları ötən gün leysan yağışlar nəticəsində bəziləri suyu ötürə bilmədi, nəticədə yolları su basdı. “Bu gün isə Azərbaycanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. Aidiyyati qurumlar, yəni “Azərsu” və Fövqəladə Hallar Nazirliyi tərəfindən həyat keçirilən lazımi tədbirlər nəticəsində problem ortadan qaldırılıb. Bir daha qeyd edirəm ki, Azərbaycanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. Avtomobillər yollarda manesiz bir şəkildə hərəkət edə bilərlər. Yalnız Binəqədi şossesindən istisna olmaqla. Çünki orda problem hələ də qalmaqdadır. Belə ki, həmin ərazinin ətrafında açıq su kanalları var. Su kanalının daşması nəticəsində yolları sudur. Hazırda “Azərsu”-ya məxsusu su nasosları yollardakı suyu su kanllarına vurur. Ancaq su yenidən yollara qayıdır. Çünki kanallara su ilə dolub-daşır. Hazırda Ağsu aşırımında avtomobillərin hərəkətinində heç bir problem yoxdur. Həmin aşırımda hər şey normaldır, ciddi bir problem müşahidə olunmur. Ümumiyyətlə respublikanın avtomobil yollarında heç bir problem yoxdur” – deyə, Anar Nəcəfli sözlərinə əlavə edib.

Anar

Gununsesi.info