“Yaman özlədik səni, dostum…” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 24 İyul 2016 22:48

maxresdefault
“Biz yaxın qohum idik… ancaq yaxın qohumluqdan daha möhkəm bağlayan tellər vardı bizim aramızda: Dostluqdu o bağın adı..!”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Azərbaycanın  Milli Qəhrəmanı Samir Xasıyevə ithaf  etdiyi “Yaman özlədik səni, dostum…” adlı statusunda yazıb.
“Əzizim Samir, sən mənim uşaqlıq dostum idin və dostum olaraq qalırsan hər zaman..! Aramızda iki yaş fərq vardı. Sən məndən böyükdün… amma işə bax ki, indi mən səndən “böyüyəm”… Çünki sən hər zaman gəncsən. Məsələn, saçlarının necə ağardığını görə bilmədik. Hər zaman şəkillərdən o yaraşıqlı, məğrur oğlan baxır bizə… Mənimsə saçlarıma ağlar düşdü… Nə acılar yaşadıq bir bilsən… Yadındamı, “Sən heç zaman ağlama, elə ağlayırsan adam özünü güahkar hiss edir” deyərdin… Səndən sonra gözyaşlarım çoxaldı, xəbərin oldumu oralarda, dost?.. Dostum, hələ heç bir dost sənin kimi söyləyə bilmədi “sən ağlama!” sözünü…
Balacaydıq, dostlarla oynayanda yıxılmışdım, dizim qanamışdı – xatırlayısanmı, yaramdan qan gəlirdi, ağlayırdım. “Ağlama” dedin, qaçıb su gətirdin, yarama tökdün və “bax, indi dayanacaq, ağlama” dedin. Sonra da, “kim onu itələdi?” deyə az qaldın uşaqların hamısını döyəsən…” – deyə, qeyd edən millət vəkilinin yazdığına görə, Onun qəlbi bir başqa idi.

“Nədən yaxşılar erkən gedir hələ də anlaya bilmirəm..! Hələ də cavab tapa bilmirəm bu suala… bilmirəm…
Vətəndən elə həvəslə danşardın ki… Sən şəhid olanda hamı elə bir durumdaydı ki, sanki sənin şəhid olacağını bilirdilər, gözləyirdilər… Sən şəhid olmaq üçün doğulmuşdun, Samir..! Az ömründə böyük döyüş yolu keçmişdin…
Yadındadımı, hər yay tətilinə kəndə gələndə səninlə arzularımızdan danışardıq. Mən o qədər xəyallar qurardım ki… ancaq sən çox qısa danışardın. Aramızdan tez gedəcəyini bilirdin sanki… Məsələn, heç zaman kimi sevdiyini də söyləməmirdin. Sanki bilirdin nakam gedəcəyini… bilirdin…
Yıxıla-yıxıla böyüdüm, dostum. Həyat məni əzdi, əzdi… Gün oldu bu gen dünya dar cəhənnəm oldu, dostum…
İmtahanlardan o qədər qorxardıq ki, bilməm, xatırlayırsanmı?.. Çünki “əla” almalıydıq – illa da, “əla”!.. Ən böyük dərdimiz o idi. Əsl imtahan insanlıq imtahanı imiş dostum… Həyat adlı müəllim çox zalım və qəddardır, sanki xəta etməni gözləyir…
Söylə görüm, cənnətdə nə var, nə yox? Burda bir-birimizi öldürməyə hazır olduğumuz şeylər üçün oradan gülürsünüzmü yoxsa bizə.?! Hələ bir də qadın olmaq asan deyil bu yer üzündə… Bax 40 yaşıma gəldim, hələ də asan deyil, deyirəm… Bədəli çoxdur… Ümumən İnsan ola bilmənin ağır bədəlləri var bu dünyada…
Eh, dostum! Nədən deyim, kimdən danışım sənə..?
Acı çəkməmə, kədərlənməmə üzülərdin. Nə acılar çəkdim, dostum, bir bilsən. Amma nə qəribə həyatdı, deyilmi? – acılar böyüdür, olğunlaşdırır bizi… Görsən tanımazsan. Daha o qıza heç bənzəmirəm, heç..! “Sənin qəlbin çox yumşaqdı” deyərdin. Deyəsən bir tək dəyişməyən elə o qalıb… Yenə bir körpənin gözyaşına, bir heyvanın belə acısına ağlayıram. Və bu halıma şükr edirəm..! Gözümdə insanlıq adına hələ də gözyaşı var, deyə şükür edirəm…
Sən çox ağıllı və sevgi dolu idin, Samir. Yəqin orda da söhbətlərini maraqla dinləyirlər. Şəhid olanda acı çəkdinmi? Yanında ola bilmədik. Sən bizim gözyaşlarımıza dözə bilməzdin..! Sən elə o cür getməli idin..!
Böyük Azərbaycan xəyalları qurardın. Azərbaycanı indi görsən sevinərsən… Bir bax, mən nə deyirəm? – əslində sən, təbii ki, görürsən hər şeyi – ruhun aramızdadı…
Sən şəhid oldun. Yaradana daha yaxınsan. Aradan 20 ildən çox zaman keçdi… amma sanki bir neçə gün öncə ayrılıbsan aramızda.. Son sözünü də eşitmədik… Əslindəsə onu hər gün eşidirik… – Qarabağ, Şuşa, Xocalı… deyirsən… duyuruq… “Hanı üstümə səpməyə söz verdiyiniz torpaq?!” deyə soruşursan tez-tez… Hələ olumlu cavabım yoxdu, deyə susuram, Samir… ancaq o cavab mütləq olacaq..! İnan, olacaq!..
Biz səndən daha ağır yük daşyırıq, əziz dost… Yadındadımı, yaşlılığımızla bağlı xəyallar qurardıq… Mən jurnalist, sonra da diplomat olacaqdım… amma biz dost kimi heç ayrıl¬ma-yacaqdıq. Belə deyərdik bir-birimizə… Ayrıldıq… – Daha doğrusu, necə deyərlər, həm ayrıldıq, həm də ayrılmadıq..! 20 il sonra da sənə məktub yazıramsa, demək, əslində ayrılmamışıq..! Sən sadəcə səni nə qədər sevdiyimizi bilmən üçün getdin aramızdan… Yox, sən bizə vətəni necə sevməyi göstərmək istəyirdin həm də… Hər yay kəndə gələndə “səni yaman özləmişəm, dostum” deməzdim… Qəribə qızdım. Sənin gəldiyinə bəlkə ən çox sevinənlərdən biri olardım… amma bunu söyləməzdim… Sən bilirdin səni çox istədiyimi, bilirdin… bir mübahisə olanda dərhal sənin tərəfini tutardım…
40 yaşım tamam olan günü də sizi xatırladım, sizdən danışdım – bizi tərk edib gedən dostlarımızdan… Sonra bizi unutdular deməyin… Unutmadıq..! Heç bir zaman… Və mən hələ də hər yay tətili gələndə sanki bir yerdən çıxıb gələcəyini düşünürəm…
Yaman özlədik səni, dostum…” – deyə, millət vəkili daha sonra yazıb.

 

qanira

Gununsesi.info