Yanan binanın şahidləri ifadə verib

  • By admin
  • 05 İyul 2016 13:50

xetai

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Gununsesi.info-nun məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərəçəkmiş Nüşabə Hüseynova ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını və onlardan şikayətçi olmadığını deyib. N.Hüseynova hadisənin baş verməsindən danışıb: “Hadisə baş verən gün evdə idik. Uşaq dedi ki, ev yanır. Biz dördüncü mərtəbədə yaşayırıq. Evdən çıxanda ikinci mərtəbədə tüstüdən hərəkət edə bilmədik. Pəncərəni sındırdılar. Uşağı aşağı atıb, qışqırdıq ki, tutun. Onda aşağıda polislər çox idi. Onlar camaatın çıxmasında çox kömək etdilər”.

N.Hüseynova ona dəymiş maddi zərərin ödənilməməsindən narazı olduğunu da bildirib: “Mənim evim yanmayıb. Amma tüstüdən qaralıb. Digər mənzilləri söndürərkən yanğın söndürənlər suyu evimizə vurub. Bütün evi su basmışdı. Mebellərim xarab oldu, evin döşəməsi yararsız vəziyyətdədir. Mebeli evdən çıxardıq. İndi döşəmə olduğu kimi qalır. Bir qəpik də olsun, kompensasiya almamışam. Gəlib baxıblar. Şəkillərini çəkiblər, dəymiş ziyanın da 6 min manta olduğunu deyiblər. Ancaq heç bir ödəniş edilməyib. Mebel özümüz kreditlə almışıq. Mən həbs olunanlardan şikayətçi deyiləm. Tək tələbim dəymiş ziyanın ödənilməsidir”.

Digər zərərçəkmiş Aydın Məmmədov da ifadə verib. O, bildirib ki, mənzili yanmasa da tüstüdən qaralıb, kondisioneri yanıb, ancaq ona heç bir yardım edilməyib: “Hadisə baş verən gün evdə deyildik. Avtobusda olanda gördük ki, bina yanır. Tüstüdən yol bağlandı. Qaçaraq binaya getdik. Biz də uşaqların çıxarılmasında kömək etdik. Sonra bizi evə buraxmadılar. Bir neçə gün sonra gələndə mənzilimizin tüstüdən qaraldığını gördük. Kondisioner də yanmışdı. Gəlib baxıblar. Evimizi yeni təmir etdirmişdik. Ancaq yenidən yarasız vəziyyətə düşdü. Bankdan kredit götürüb, evi təzədən remont etmişəm. Digər mənzillərdə təmir gedən zaman torpaqdan, səs-küydən yaşamaq olmurdu. Digər mənzillərin sakinlərinə iki aylıq kirayə pulu verib, köçürdülər. Ancaq bizi o vəziyyətdə qoydular. Heç kim maraqlanmadı. Mən dəymiş ziyanın ödənilməsini istəyirəm. Həbs olunanları da tanımıram. Allah qapılarını açsın”.

Təqsirləndirilən Fərid Sadıqovun vəkili vəsatət qaldıraraq istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsdən alınan ifadədən imtina etdiklərini bildirib. Vəsatətdə qeyd edilib ki, F.Sadıqovdan TNH şirkəti ilə bağlı alınan məlumatlar müstəntiq tərəfindən onun ifadəsi kimi qeydə alınıb. F.Sadıqov isə oxumadan həmin ifadəyə qol çəkib. Vəkil qeyd edib ki, bunu sübut edən telefon danışıqları var.

Hakim vəsatəti baxılmamış saxlayıb.

Hakim zərərçəkmiş kimi tanınan 15 nəfərin məhkəmə prosesinə dəvət edildiyini, lakin onlardan ikisinin iştirak etdiyini bildirdi. Bu səbəbdən də proses iyulun 12-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən – qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

 

Gununsesi.info