Yaponiyadan Şimali Koreyaya etiraz

  • By admin
  • 30 Yanvar 2022 09:28

Yanvarın 30-da Yaponiyanın Sahil Mühafizəsi Xidməti Koreya Xalq Demokratik Respublikası tərəfindən növbəti raket buraxılışı barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, xidmətin yaydığı məlumatda balıqçı qayıqları raketin qalıqlarının düşməsi barədə xəbərdar edilib.
Bundan bir qədər sonra Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno həmin raketin ölkənin müstəsna iqtisadi zonasının yaxınlığında Yapon dənizinə düşdüyünü bildirib.
“Bizim proqnozlara əsasən, bir ballistik raket buraxılıb və o, Yaponiyanın Yapon dənizindəki müstəsna iqtisadi zonasından kənarda suya düşüb. İndiyədək biz baş verən hadisə ilə əlaqədar dəyən zərər barədə məlumat almamışıq”, – deyə baş katib bildirib.
Bununla əlaqədar Yaponiya hökuməti KXDR-ə etirazını çatdırıb.

“Ballistik raketlərin buraxılışı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması deməkdir və bununla əlaqədar biz KXDR-ə kəskin etirazımızı bildirmişik. Hazırda baş verən hadisənin detalları araşdırılır, amma adi ballistik raketin trayektoriyası baxımından məsələyə yanaşsaq, onun təqribən 2 kilometr hündürlükdə 800 kilometr məsafəni qət etdiyini deyə bilərik. Hündürlüyü və uçuş məsafəsini nəzərə alsaq, KXDR-in uzaq məsafəli ballistik raket buraxdığı ehtimalını irəli sürmək olar”, – deyə baş katib əlavə edib.

Qeyd edək ki, bu, cari ildə KXDR tərəfindən həyata keçirilən sayca yeddinci raket sınağıdır.

Gununsesi.info