
Artıq 5 gündür ki, Bayıl yamacında sürüşmə zonasında sabitlik yaranıb.
Bunu Gununsesi.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyev deyib.
Onun sözlərinə görə, son beş gündür ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının qoyduğu müşahidə-nəzarət mayaklarında dəyişiklik yoxdur və sabitlik hökm sürür: “Çatlarda hər ansı hərəkətlilik yoxdur. Çünki qoyulan müşahidə-nəzarət mayaklarında hər hansı dəyişiklik baş verməyib. Sonuncu dəfə elə bu gün, yəni fevralın 2-də yoxlanılıb və heş bir dəyişiklik qeydə alınmayıb”.
R.Niftəliyev onu da əlavə edib ki, bu gün-sabah Yapon mütəxəssislər Bayıl yamacında yaranmış durumla bağlı apardıqları araşdırmaların yekunları ilə bağlı hazırladıqları təkliflərlə yenidən Bakıya gələcəklər: “Onlar bu həftənin sonunadək vəziyyətlə bağlı rəy və təkliflərini hazırlmağa söz veriblər və bu gün-sabah gəlməlidirlər. Onların təkliflərindən sonra smeta layihə planlama işləri həyata keçiriləcək”.
Bununla belə baş geoloq onu da əlavə etdi ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası da Bayıl yamacındakı geoloji, geofiziki araşdırmalar aparılıb və mövcud vəziyyət dəyərləndirərək, çıxış yolları barədə təkliflər Nazirlər Kabinetinə təqdim edib: “Bundan əlavə, olaraq FHN də rəy verib. Odur ki, yaponların rəyi ilə Azərbaycan tərəfinin hazırladığı rəydə elə ciddi fərq olacağına inanmıram. Ola bilsin ki, hansısa cüzi fərqlər ola bilər. Ona görə də bütün təkliflərə birgə baxılacaq. Bizim təkliflərdə təkcə sürümə təhlükəsi olan ərazidə deyil, ona yaxın ərazilərdə də kompleks geoloji, geofiziki işlərin aparılması ilə bağlı 8-9 bənddən ibarət təkliflər öz əksini tapıb”.
Mürtəza
Gununsesi.info












