Əhəd Abıyev qırmızı əlcəkdə rinqə çıxdı- FOTOLAR

Əhəd Abıyev qırmızı əlcəkdə rinqə çıxdı

Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə keçirilib.
Gununsesi.info xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. O, çıxışında deyib:
Gündən-günə qüdrətlənən və müasirləşən Azərbaycan Dövləti daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində qarşılayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsində dövlətimizin gücünün artmasından qürur və iftixar hissi duyan hər bir Azərbaycan vətəndaşı Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir.
Daşkəsənin inkişafından danışarkən xüsusilə qeyd etməliyik ki, bu tərəqqinin müəllifi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Qazanılan hər bir nailiyyət Dövlət Başçımızın göstərdiyi böyük diqqət və qayğı sayəsində əldə edilib. “Yeni Daşkəsən” layihəsinin uğurla həyata keçirilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Bu həm də ondan xəbər verir ki. Müstəqil Dövlətimiz “dağlar diyarı” olan Daşkəsənin tərəqqisi üçün hər cür qayğı və köməklik göstərir.
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonuna xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən son illərdə özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu ötən uğurlu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə müasirləşərək dəyişmişdir. Rayonun bütün sahələrində inkişaf, tərəqqi nəzərə çarpır. Qısa müddətdə onlarla məktəb, inzibati binalar tikilmiş, uşaq bağçaları, xəstəxanalar əsaslı təmir olunmuş, neçə-neçə körpülər salınmış, ucqar dağ kəndlərinə asfalt yollar çəkilir, Daşkəsən şəhərinin bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənmiş, mənzillərə daimi su xətləri çəkilmiş, sovetlər dövründən yığılıb qalmış əksər problemlərin həllinə son illərdə yüksək səviyyədə nail olunub.
İcra başçısı bildirib ki, aprelin 11-də Daşkəsəndə Azərbaycan Respublikasının Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək: “Bu seçkilərin nəticələri ölkəmizin qarşıdakı dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru əminliklə irəliləməsini, bütün sahələr üzrə inkişafını, çiçəklənməsini təmin edəcəkdir. Hər bir Daşkəsən sakini Heydər Əliyev ideyalarının davamçısı, Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən, Azərbaycan xalqının alternativsiz seçimi olan möhtərəm cənab İlham Əliyevə növbəti dəfə səs verəcək, daşkəsənlilər əvvəlki seçkilərdən fərqli olaraq daha da yüksək səviyyədə fəallıq göstərəcəklər”.
Tədbirdə çıxış edən digər natiqlər də Novruz bayramı münasibətilə əsgərlərə cansağlığı arzulayıb, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.
Rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən bayram sovqatı və xonçalar əsgərlərə paylanıb.
Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Əsgərlərlə görüşə gələn rayonun ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər.
Gununsesi.info

COMMENTS