2016-cı ilin I yarısında dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Gununsesi.info xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb. K.Əliyev deyib ki, bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 14 cinayət işi başlanıb. İdarə rəisi əlavə edib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. K.Əliyev deyib ki, Baş İdarənin əməliyyat qurumları keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.
Gununsesi.info