“152 metro qatarı xətdən çıxarılıb” - ZAUR HÜSEYNOV

  • By admin
  • 08 Noyabr 2017 13:30

“Ötən müddət ərzində uzunmüddətli istismar şəraitində təmirə ehtiyacı olan stansiyaların da yeniləşdirilməsi istiqamətində  əhəmiyyətli işlər yerinə yetirilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bir çox stansiyalarda, onların keçidlərində, dövri və yaxud əsaslı təmir işləri aparılıb. “Elmlər Akademiyası” ilə yanaşı, eyni vaxtda açılmış “20 Yanvar” və “İnşaatçılar” stansiyalarında da istismar müddəti bitmiş eskalatorlar dəyişdirilib. Eskalatorların yeniləri ilə əvəzləndiyi stansiyalardakı vestibüllərdə də əsaslı təmir işləri görülüb.

“Bununla yanaşı, “İnşaatçılar”, “Gənclik”, “Nəriman Nərimanov”, “Xalqlar Dostluğu”, “Qara Qarayev” və “Neftçilər” stansiyalarının keçidləri, son iki stansiyanın isə həm də vestibülləri yenidən qurulub. “Xətai” stansiyasının tamamilə görkəmini dəyişib və müasirləşmiş orta zalı, birinci yolu və ona bitişik tuneli uzun müddətli təmirdən sonra istifadəyə verilib və ikinci yolda eyni işlərə başlanılıb. Cari ilin sentyabr ayında metropolitenin memarlıq incisi olan “Nizami” stansiyasında da əsaslı təmir, yenidənqurma və bərpa işləri başa çatdırılıb. Burada stansiya yolları ilə yanaşı, orta zal da əsaslı yenidən qurulub, pilonlar və onların arxa sahəsi yeni və daha davamlı inşaat materialları ilə təmir edilib. Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında işlənmiş pannolar bərpa edilməklə yeni həyat qazanıb. Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatdığından Dövlət proqramına uyğun olaraq, bu ilin avqust ayının 20-sindən stansiyada əsaslı təmir işlərinə başlanılıb. Təmir müddətində stansiyanın “LT-3” tipli 3 eskalatoru sökülərək, yerində Almaniyanın “ThyssenKrupp” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq”.

Z. Hüseynov əlavə edib ki, təkcə stansiyaların modernləşdirilməsi deyil, həmçinin lokomotiv parkı müasir standartlar səviyyəsinə çatdırılmadan yeniləşmə kursu natamam görünər, çünki bütün yeniliklərin təməlində sərnişindaşımanın keyfiyyəti dayanır. “Ötən qısa dövr  ərzində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. “Nərimanov” elektrik deposunun təmir sahələri qısa müddətdə ən müasir standartlar səviyyəsinə çatdırılıb. Təmir sexi tamamilə simasını dəyişib. Ən əsası isə vaqon təmirinə yeni baxış gətirilib, struktur yenilikləri ilə funksionallıq ən yüksək həddə çatdırılıb. Görülən tədbirlər nəticəsində təmir detalları və qovşaqların böyük qisminin metropolitenin öz təmir-istehsalat sahələrində hazırlanmasına nail olunub. Hazırda metropolitendə 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır. Nəticədə, qatarların mexaniki ehtiyat hissələrlə təminatında kənar müəssisələrdən, xüsusən də ölkə xaricindən asılılıq azaldılıb, təminatın operativliyi artırılıb, maliyyə resurslarına əsaslı qənaət əldə edilib. Ehtiyat hissələrlə təminat nəzarətə götürülərək, təmir briqadalarının işi yenidən qurulub. Həmçinin onların sosial-məişət şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası müasir tələblər səviyyəsinə qaldırılıb. Həyata keçirilən tədbirlər nasazlığa görə depoya plandankənar qayıtma hallarının sayının azalması ilə öz səmərəsini verdi. 2014-cü il ərzində nasazlığa görə 520 qatar vaxtından əvvəl xətdən çıxarılmışdısa, 2015-ci ildə bu rəqəm 212-yə, 2016-cı ildə isə 152-yə enib. Artıq qaçış probleminin həll olunması istiqamətində zəruri işlər aparılır. Bu səbəbdən 2014-cü ildə 40 vaqon, 2015 və 2016-cı illərdə 70 vaqon təmirə göndərilib, 2017-ci ildə isə bununla bağlı təmirə göndərilmiş vaqon sayının 45-60 ədəd olması gözlənilir”.

Gununsesi.info