Deputatlar QDİƏT-in iclaslarına qatılacaqlar

  • By admin
  • 30 İyun 2017 22:59

milli-meclis

İstanbulda iyulun 4-dən 6-dək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı Büro və 49-cu Daimi Komitə iclasları keçiriləcək.

Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, tədbirlərdə MM-in QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT PM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov iştirak edəcəklər.

İclaslarda Qara dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, İqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirlərdə Parlament Məclisinin fəaliyyəti barədə hesabatlar dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatları müzakirə ediləcək məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Baş Assambleyanın iclasında QDİƏT PM-in sədr müavini Musa Quliyevin “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında məruzələri dinləniləcək, müzakirəyə çıxarılmış məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Gununsesi.info